Gəncə Dövlət Universitetinin beynəlxalq əlaqələri genişlənir
Gəncə Dövlət Universitetinin dünyanın nüfuzlu ali məktəbləri ilə ikitərəfli əməkdaşlıq əlaqələri uğurla davam edir.
Hazırda Gəncə Dövlət Universitetinin İtaliya Respublikasının Urbino, Sloveniyanın Nova Gorika, Rumıniyanın Galati, Macarıstanın Debrecen, İspaniya Krallığının UCAM Mursiya, Niderland Krallığının Niderland Biznes Akademiyasının, eləcə də Türkiyə Cümhuriyyətinin Gazi və Sivas Universitetləri ilə aktiv ikili müqavilələri mövcuddur. Adı çəkilən ali məktəblərlə əməkdaşlıq müqavilələri əsasında tədris təcrübəsinin, elmi konfrans və simpoziumların təşkili, tələbə və müəllim mübadiləsi, elmi informasiya mübadiləsi istiqamətində sıx əməkdaşlıq həyata keçirilir.
Gəncə Dövlət Universitetinin beynəlxalq əlaqələri haqqında danışarkən Türkiyənin ali təhsil ocaqlarını xüsusi ilə qeyd etmək lazımdır, çünki bu ölkənin ali məktəbləri ilə əlaqələrimiz daha geniş və səmərəlidir.
İzmir Dokuz Eylül Universiteti ilə Gəncə Dövlət Universiteti arasında əlaqələrin genişləndirilməsi məqsədi ilə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Hər iki universitetin rektorlarının iştirakı ilə öncədən imzalanmış müqavilənin bəndləri əsas götürülərək ikili diplom proqramlarının icrası üçün ilkin anlaşma müqaviləsi, eyni zamanda Avropa İttifaqının “Erasmus+ KA107” proqramı və Türkiyə Respublikasının “Mevlana” mübadilə proqramı çərçivəsində tərəflər arasında müqavilə imzalanmışdır. Sevindirici haldır ki, bu əlaqələrin nəticəsində İzmir Dokuz Eylül Universitetində dahi Azərbaycan şairi Nizami Gəncəvinin adına, Gəncə Dövlət Universitetində isə Türk dünyasının görkəmli şəxsiyyəti Yunus Əmrənin adına mühazirə otaqları açılmışdır.
Gəncə Dövlət Universitetinin Türkiyə universitetləri ilə əməkdaşlıq əlaqələri bu gün də uğurla davam etdirilir, universitetdə ikili diplom proqramlarının tətbiqinə dair mühüm işlər həyata keçirilir. Belə ki, 2022-ci ilin dekabr ayında Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun rəhbərliyi ilə universitetin nümayəndə heyəti ikili diplom proqramı ilə əlaqədar Türkiyə Respublikasının Dokuz Eylül Universitetində işgüzar səfərdə olmuş, qardaş ölkə universitetinin rektoru Nükhet Hotarla görüşmüşdür. Görüşdə ikili diplom proqramı ətraflı müzakirə olunmuşdur.
Qeyd edək ki, ikili diplom proqramı tətbiqi ilə hər iki universitetin tələbələri beynəlxalq akkreditasiyadan keçmiş ixtisaslarda iki il Gəncə Dövlət Universitetində, növbəti iki ili isə Dokuz Eylül Universitesində təhsil ala biləcəklər.
Xüsusilə qeyd etmək yerinə düşər ki, Dokuz Eylül Universiteti Azərbaycanda ilk olaraq Gəncə Dövlət Universiteti ilə ikili diplom proqramını həyata keçirəcək. Bu proqram hər iki universitetin müəllim və tələbələri üçün təhsil və elm sahəsində yeni imkanlar yaradacaq.
Layihələrlə yanaşı tələbələrin, o cümlədən müəllimlərin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm işlər həyata keçirilmişdir. 2022/2023-cü tədris ili üzrə Rumıniya Respublikasının Galati Universitetinə 2 tələbəmiz- Cavid Tanrıverdiyev və İsmayıl Vəlizadə mübadilə proqramında iştirak etmək üçün göndərilmişdir. Bununla yanaşı İspaniya Krallığının UCAM Mursiya Universitetinə 2022/2023-cü tədris ilinin növbəti semestrində 2 tələbə Sehran Ələsgərova və Murad Talıbov təhsil almaq hüququ qazanmışlar.
Universitetin tərəfdaşlıq etdiyi digər təşkilatlardan biri isə Alman Akademik Mübadilə Xidmətidir (DAAD). Alman Akademik Mübadilə Xidməti tələbə və elm işçilərinin beynəlxalq mübadiləsi ilə məşğul olan dünyanın ən böyük təqaüd təşkilatıdır. Xarici dillər fakültəsinin alman dili müəllimliyi ixtisasının 3-cü kurs tələbəsi Leyla Heydərova Almaniyanın Katholische Universitetinin 3 həftəlik yay dil kursuna qəbul olmuşdur. Eləcə də, Alman dili müəllimliyi ixtisasının 3-cü kurs tələbəsi Aydəniz Yusifli Almaniyada Könüllülük proqramı üzrə (FSJ) Köln şəhərində 10 ay Alman-İtalyan uşaq baxçasında alman dili müəllimi kimi fəaliyyət göstərmişdir.
Avropa İttifaqının “Erasmus Plus” proqramının “KA1” mübadilə layihəsinə əsasən universitetin tərəfdaşlıq etdiyi bir sıra ali məktəblərin xarici mütəxəssisləri ustad dərsləri ilə universitetimizin qonağı olmuşlar. 2022-ci il may ayında Macarıstan Respublikası Debrecen Universitetinin nümayəndələri -İKT Sosiologiyasının baş mütəxəssisi Judit Herczegh, psixoloq Zsuza Berke, Debrecen Universitetində baş müəllim və peşəkar təlim üzrə mütəxəssis layihə kordinatoru Gábor Erdei Gəncə Dövlət Universitetinin xarici dillər fakültəsində ustad dəsrlərində iştirak etmişlər.
Gəncə Dövlət Univesitetinin digər universitetlərlə sıx əməkdaşlığı və uğurları bunlarla yekunlaşmır. Gələcəkdə də beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, müasir təhsil imkanlarının yaradılması üçün mühüm işlərin həyata keçirilməsi nəzərdə tutulur.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti