GDU-da akkreditasiya ilə bağlı iclas keçirilib
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən təşkil olunmuş Akkreditasiya Komissiyasının yekun hesabatına əsasən verilən tövsiyələrin icrasına dair 13 fevral 2025-ci il tarixdə Gəncə Dövlət Universitetində iclas keçirilib.
İclasda Universitetin rektoru Yusif Yusibov, prorektorlar, universitet üzrə Akkreditasiya Komissiyası, fakültə dekanları, kafedra müdirləri və struktur bölmələrin rəhbərləri iştirak ediblər.
Rektor Yusif Yusibov ali təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılan və növbəti müddətə fəaliyyət üçün hüquqi təminat yaradan akkreditasiya prosesinin zəruriliyindən, eləcə də əhəmiyyətindən danışıb, qarşıda duran məsələlərdən bəhs edib. O da diqqətə çatdırılıb ki, yekunlaşan akkreditasiya prosesinin davamı olaraq ali təhsil müəssisələrinə verilən tövsiyələrin icrasına dair fəaliyyət planının hazırlanması və Agentliyə təqdim edilməsi nəzərdə tutulur.
Rektor Yusif Yusibov akkreditasiya prosesinə uyğun olaraq, universitetin üzərinə düşən tələb və öhdəliklərin icrası ilə bağlı GDU üzrə Özünütəhlil Komissiyasına və struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Daha sonra İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov prosedur üzrə tələb olunan məsələləri izah edib, GDU daxilindəki Komissiyanın səmərəli fəaliyyəti istiqamətində atılacaq addımlarla bağlı zəruri informasiyaları bölüşüb. Strateji inkişaf, keyfiyyət təminatı kimi istiqamətlər üzrə verilən tövsiyələrin həyata keçirilməsi üçün görüləcək işləri diqqətə çatdırıb.
İclasda verilən tövsiyələrin icrasına dair fəaliyyət planının hazırlamasına dair təklif, rəylər dinlənlənilib və müzakirə olunub.
Sonda mövzu ilə bağlı suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, akkreditasiya prosesi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir, qəbul olunmuş dövlət təhsil standartlarına, təhsil sahəsinə aid digər normativ-hüquqi aktların tələblərinə uyğunluğu yoxlamaq üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən yaradılmış komissiya tərəfindən universitetin özünütəhlil hesabatının əsasında təhlillər aparılır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti