GDU-da “Region gənclərinin sosial-psixoloji maarifləndirilməsi marafonu” adlı layihə çərçivəsində tədbir keçirilib
Gəncə Dövlət Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “Region gənclərinin sosial-psixoloji maarifləndirilməsi marafonu” adlı layihə çərçivəsində tədbir keçirilib. Tədbirdə rektorun baş müşaviri Asif Cavadov iştirakçıları salamlayaraq, bu kimi tədbirlərin gənclərin gələcək həyatlarına etdiyi müsbət təsirlər barədə ətraflı məlumat verdi. Gəncə Dövlət Universitetinin rəhbərliyinin hər zaman gənclərin sosial, psixoloji istiqamətində həyata keçirilən tədbir və layihələri dəstəklədiyini bildirdi.
Tədbirdə layihənin rəhbəri Rəşad Bayramov çıxış edərək tədbirin məqsəd və vəzifələrini izah etdi. Rəşad Bayramov eyni zamanda layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər və gənclərə təqdim olunan “Gənclik və düşüncə” adlı kitabçanın əhəmiyyətli olduğunu vurğuladı.
Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri Zümrüd Cavadova layihənin əhəmiyyətindən bəhs edərək gənclərin sosial, psixoloji maarifləndirilməsinin vacibliyindən danışdı. Bu kimi tədbirlərin regionlarda keçirilməsini dəstəklədiyini bildirərək, davamlı olmasını diqqətə çatdırdı.
“Loqos” Psixoloji və Nitq Mərkəzinin Gəncə filialının psixoloqu Ruziyyə Məsimova da çıxışında psixoloji mövzu ətrafında fikirlərini bölüşərək, bu istiqamətdə mümkün həll yolları barədə tədbir iştirakçılarını məlumatlandırdı.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti






