GDU-da “Təhsildə Yeni Metod – STEAM” mövzusunda elmi seminar keçirilib

Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin ÜTF və texnologiya kafedrasında “Təhsildə yeni metod – STEAM” mövzusunda elmi seminar təşkil edilib.     “ÜTF və texnologiya” kafedrasının müdiri, dosent Elçin Cavadov çıxış edərək Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova universitetdə yaradılan elmi mühitə görə seminar iştirakçıları adından təşəkkürünü bildirib.

Seminarda iştirak edən Fizika və texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev çıxış edərək təqdim olunan  mövzunun aktuallığından danışıb.  Qeyd edib ki,  universitetdə lazımi elmi mühit yaradılıb və müasir avadanlıqlarla təchiz olunub. Həmçinin GDU-da STEAM laboratoriyası da fəaliyyət göstərir.

“ÜTF və texnologiya” kafedrasının baş müəllimi Elçin Məmmədov öz çıxışında  təqdim olunan mövzu ətrafında məlumat verib ki, dünya sürətlə dəyişir və kosmos ekosisteminə qədəm qoymaq üçün yeni imkanlar yaranır, qlobal miqyaslı innovasiyalar yaradılır. Bu sahədə STEAM-in xüsusi yeri var və özündə elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat fənlərini birləşdirir. Elçin Məmmədov STEAM metodu və onun üstünlükləri haqqında ətraflı məlumat verərək bildirib ki, məqsəd texniki və təbiət fənlərinin tədrisində ənənəvi nəzəriyyə əzbərləmə üsullarından fərqli olaraq elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını real həyat problemlərinin həlli vasitəsilə, “Layihə əsaslı öyrənmə” ilə təhsil alanlara aşılamaqdır.

Seminarın sonunda mövzu ətrafında suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti