GDU-DA TƏHSİL ALMAQ İSTƏYƏN ƏCNƏBİ VƏTƏNDAŞLARLA MÜSAHİBƏ YEKUNLAŞIB
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2015-ci il tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na uyğun olaraq 2024/2025-ci tədris ilində Gəncə Dövlət Universitetində bakalavriat və magistratura səviyyələrində təhsil almaq üçün müraciət etmiş əcnəbi vətəndaşlarla görüş təşkil olunub.
Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Türkmənistan və Qırğızıstan Respublikaları vətəndaşı olan əcnəbilərin müsahibə iştirakçılarına uğurlar arzulayıb və GDU-da əcnəbi tələbələrin təhsil alması üçün mövcud şərait haqqında məlumat verib.
GDU-da yaradılan Əcnəbilərin qəbulu komissiyasının üzvlərinin əcnəbilərlə görüşünün yekunu olaraq “AOTİS” elektron portal üzərindən müraciət etmiş xarici vətəndaşların sənədləri və Azərbaycan dili bacarıqları yoxlanılmışdır. Sənədləri qaydasında olan 24 nəfər əcnəbi gəncin uyğun ixtisasa qəbul edilməsi qərara alınmışdır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti