GDU komandası “UniStartup” müsabiqəsinin qalibi olub

Mingəçevir Dövlət Universitetinin (MDU) ev sahibliyi ilə keçirilən “Regional Universitet-Sənaye Birliyi Sammiti 2025” tədbiri çərçivəsində “UniStartup” müsabiqəsinin yekun mərhələsi olaraq təqdim edilmiş layihələrin qiymətləndirilməsi mərhələsi keçirilib. Müsabiqənin final mərhələsinə vəsiqə qazanmış Gəncə Dövlət Universitetinin (GDU) əməkdaşı Vidadi Bayramov və Kimya və Biologiya fakültəsininn tələbəsi Aslan İsfəndiyarın təmsil etdiyi komandanın startap layihəsi birinci yerə layiq görülüb.

Müsabiqəyə regionun müxtəlif ali təhsil müəssisələrindən ümumilikdə 90-dək layihə təqdim edilib və finala vəsiqə qazanmış GDU komandası sonda müsabiqənin qalibi elan edilib. Diqqətə çatdıraq ki, komandamızın müsabiqəyə təqdim etdiyi “Tura” adlanan qurğu restoranların fəaliyyəti zamanı atmosferə buraxdığı zərərli birləşmələrdən ibarət xoşagəlməz qoxu və tüstünün yayılmasının qarşısını alır. Eyni zamanda qurğu mazut və ya maye yanacaq ilə işləyən qazanxanalarda yanma nəticəsində atmosferə buraxılan maddələri təmizləyərək atmosferin çirklənməsinin qarşısını alır. “Tura” qurğusu havanın filtrasiya və yuyulma yolu ilə təmizlənməsi zamanı fiziki, kimyəvi və mühəndislik prinsiplərinin birgə tətbiqinə əsaslanır. Burada, mekaniki filtrləmə, nəm təmizləmə, havanın sorulması, sirkulyasiya və su dövriyyəsi, kimyəvi neytrallaşdırma kimi proseslərdən istifadə edilir.

Müsabiqəyə təqdim edilən layihələr “SmartNation”, “HTEC-Invest”, Rəqəmsal İnkişaf Agentliyi və “Synergy Consulting”in ekspertləri tərəfindən qiymətləndirilib. Qeyd edək ki, müsabiqədə “Agrosphera” komandası II yerdə, MDU-nun “Skydog” komandası III yerdə qərarlaşıb. Həvəsləndirici yerlərdə isə “Clinical-MDU”, “Termal ATU” və “Aqrotank-AQRAR” komandaları qərarlaşıb. Qalib komandalar pul mükafatı və hədiyyələrlə təltif ediliblər.