GDU nümayəndə heyəti Kırşehir Ahi Evran Universitetində Texnologiyanın Transferi Ofisini və Beynəlxalq Münasibətlər Ofisini ziyarət edib

16 iyul 2025-ci il tarixində Türkiyə Respublikasında yerləşən Kırşehir Ahi Evran Universitetində səfərdə olan Gəncə Dövlət Universitetinin (GDU) nümayəndə heyəti universitetin Texnologiyanın Transferi Ofisini ziyarət edib. Bu görüş Kırşehir Ahi Evran Universiteti və Gəncə Dövlət Universiteti arasında olan ikili əməkdaşlıq müqaviləsi çərçivəsində baş tutub. Səfər zamanı qardaş ölkə universitetində sahibkarlıq və innovasiya çərçivəsində həyata keçirilən fəaliyyətlər barədə məlumat paylaşılıb. Kırşehir Ahi Evran Universiteti Texnologiyanın Transferi Ofisi tərəfindən əqli mülkiyyətin idarə edilməsi, patent prosesləri, sənaye əməkdaşlığı, layihələrə dəstək mexanizmləri və sahibkarlıq ekosistemi kimi mövzular ətraflı izah edilib. Görüş zamanı həmçinin universitet-sənaye əməkdaşlığı çərçivəsində layihələr, tələbələrin və alimlərin kommersiyalaşma proseslərində iştirakı və regional inkişaf yönümlü texnologiyalarla bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb. Qardaş ölkə universitetinin nümyəndələri bu səfərin iki universitet arasında texnologiya və innovasiya sahəsində əməkdaşlığa yol açacağını xüsusi vurğulayıb. Görüş zaman iki universitet arasında mövcud olan ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə birgə layihələrin hazırlanması və donorlara təqdim edilməsi sahəsində ilkin razılıq əldə edilib. Səfərin sonunda GDU nümayəndə heyətinə Texnologiyanın Transferi Ofisinin hazırladığı məlumat xarakterli müxtəlif sənədlər təqdim edilib.

17 iyul 2025-ci il tarixində GDU nümayəndə heyəti eyni zamanda Kırşehir Ahi Evran Universiteti Beynəlxalq Münasibətlər Ofisini ziyarət edib. Ofisin koordinatoru Yusuf İslam SÜRÜCÜ universitetin iştirak etdiyi beynəlxalq layihələrdən bəhs edib. Yusuf İslam Gəncə Dövlət Universiteti tərəfindən tələbələrin Kırşehir Ahi Evran Veli Universitetinə ilkin qəbul həyata keçirmələri üçün rektorluq tərəfindən razılıq olduğunu diqqətə çatdırıb. Bu il üçün Erasmus+ KA1 layihəsi çərçivəsində Gəncə Dövlət Universiteti üçün də əlavə qəbul verdiklərini qeyd edib. Yeni yaranmış Orhun layihəsi çərçivəsində birgə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Gələcəkdə iki universitet arasında mövcud olan ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə mümkün layihələrin hazırlanması və tələbə mübadiləsi kimi mövzular müzakirə olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti