GDU-nun magistr tələbələri elmi seminarda

Gəncə Dövlət Universitetinin Magistratura şöbəsi və Sosial fənlər kafedrasının birgə təşkilatçılığı ilə magistr tələbələri üçün “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş elmi seminar keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Magistratura şöbəsinin müdiri, dosent Emin Yaqubov giriş sözü ilə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi əhəmiyyət kəsb edir. 12 noyabr 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirərək hüquqi demokratik dövlət quruculuğunun əsasını qoyub. Bununla da hüquqi və dünyəvi dövlətin əsasları formalaşdırılıb. Dövlətimizin müstəqillik tarixinin mühüm hadisələrindən olan əsas qanunu məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanıb. Magistratura şöbəsinin müdiri, dosent Emin Yaqubov çıxışında 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğunu və şanlı tariximizə ən parlaq səhifələr yazıldığını diqqətə çatdırıb.

Elmi seminarda Sosial fənlər kafedrasının müdiri, dosent Cavid Bağırzadənin  “Azərbaycanın Konstitusiya və suverenlik tarixindən”, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyevin “Azərbaycan Respublikasının Konstitusiyası ən demokratik Konstitusiyadır”, Gənclərlə iş ixtisasının 2-ci kurs magistr tələbəsi Kamil Əhmədovun “Suverenlik anlayışının gənc nəsilin dünyagörüşündə rolu” adlı məruzələri dinlənilib.

Elmi seminarda çıxış edənlər Azərbaycan Konstitusiyasının vətəndaşların həyatındakı və ölkəmizin suverenliyinin möhkəmləndirilməsindəki rolu barədə, eləcə də  vətəndaşların Konstitusiya ilə təsbit edilən hüquq və vəzifələri haqqında ətraflı məlumat veriblər.

Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti