GDU-NUN PROFESSOR-MÜƏLLİM HEYƏTİ GÖYGÖLDƏ GÖRÜŞ KEÇİRİBLƏR
Gəncə Dövlət Universitetinin (GDU) professor-müəllim heyəti Göygöl rayon Təhsil sektorunda 20-a yaxın orta ümumtəhsil məktəbinin yuxarı sinif şagirdləri ilə görüş keçiriblər.
Göygöl Rayon Təhsil sektorunun metod bölməsinin rəhbəri Afət Ələkbərova görüşün əhəmiyyətindən danışaraq bildirib ki, məqsəd Gəncə Dövlət Universiteti ilə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri arasında əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək və universitetdə tədris olunan ixtisaslar barədə şagirdləri ətraflı məlumatlandırmaqdır.
Görüşdə Gəncə Dövlət Universitetini təmsil edən işçi qrupunun üzvləri-dosent Allahverdi Quliyev, dosent Cabbar Qarayev, dosent Cavid Bağırzadə və dosent Elvin Atakişiyev GDU-nun fəaliyyəti, ali təhsil ocağında tədris olunan ixtisaslar barədə geniş məlumat veriblər. Çıxış edənlər Gəncə Dövlət Universiteti və Türkiyə Respublikasının Dokuz Eylül Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən ikili diplom proqramı çərçivəsində tədris olunan ixtisaslar və bu istiqamətdə tələbələrə yaradılan imkanlardan bəhs ediblər.
Daha sonra Gəncə Dövlət Universitetinin tədris binaları, kitabxanaları, idman zalları, laboratoriyaları, auditoriyaları və Tələbə Evi haqqında videoçarx nümayiş etdirilib.
Görüşün sonunda şagirdlərə universitetin fəaliyyətinə dair məlumat kitabçası, diyircəkli qələm və dəftərçə təqdim olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti