“Genderyönümlü pedaqogika” üzrə təlimdə iştirak edən GDU-nun əməkdaşlarına sertifikat təqdim olunub
“Genderə həssas məktəblərin təşviqi” layihəsinin yekunu olaraq təlimlərdə iştirak edən Gəncə Dövlət Universitetinin bir qrup fəal əməkdaşına sertifikat təqdimatı keçirilib.
Təqdimatda Gəncə Dövlət Universitetinin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov çıxış edərək Avropa İttifaqı, BMT-nin Qadınlar üzrə Agentliyi, BMT-nin Əhali Fondu, eyni zamanda “Regional İnkişaf” İctimai Birliyi tərəfindən təşkil edilən “Genderyönümlü pedaqogika” təlimlərinin əhəmiyyətindən söhbət açıb. Qeyd edib ki, Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında “keçirilən təlimlərin əsas məqsədi genderyönümlü pedaqogika sahəsində beynəlxalq təcrübəni öyrənmək və tələbələrə çatdırmaqdır. O da bilirilib ki, təlimdə Universitetin Ümumi pedaqogika kafedrasının müdiri, professor Şahin Tağıyev başda olmaqla 22 nəfər professor-müəllim heyəti iştirak edib. Müəllimlər inkişafetdirici və dəstəkləyici mühitin təşkilində gender aspektini nəzərə almağın yeni yolları ilə tanış olaraq maraqlı təkliflər veriblər.
Çıxışın sonunda Genderyönümlü pedaqogika üzrə “Təlimçilər üçün təlim” proqramının iştirakçıları- Tədrisin təşkili və idarə olunması sektorunun müdiri, təlimçi Sevinc Quliyevaya, Ümümi pedaqogika kafedrasının baş müəllimləri, təlimçi Lamiə Hacımuradovaya və Göyçək Pirverdiyevaya təlimi uğurla başa çatdığı üçün universitet rəhbərliyi adından təşəkkür edilib.
Sonda təlimlərdə fəal iştirak edən Gəncə Dövlət Universitetinin bir qrup fəal əməkdaşına sertifikatlar təqdim edilib, onlara gələcək elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulanıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti