“Plagiatla mübarizənin təhsil sahəsində tətbiqi” mövzusunda Akademik Dürüstlük Seminarı keçirilib
Gəncə Dövlət Universitetində keçirilən “Plagiatla mübarizənin təhsil sahəsində tətbiqi” mövzusunda Akademik Dürüstlük Seminarında Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, elmi katib Seymur Meşaik, universitet üzrə plagiat sisteminin admini Nuriyə Əlizadə, fakültə dekanları, şöbə müdirləri, professor-müəllim heyəti, qonaq qismində ADAU-nun əməkdaşları iştirak ediblər.
Universitetin əməkdaşlıq etdiyi Plagiat.PL. şirkətinin biznesin inkişafı üzrə meneceri Fəridə Rzazadə “Strike Plagiarizm” sisteminin iş prinsipi, mahiyyəti, əhəmiyyəti, məqsəd və vəzifələri haqqında geniş məlumat verdi. Qeyd etdi ki, “Strike Plagiarizm” sistemi ilə professor-müəllim heyətinin, həmçinin digər təhsil və elmi-tədqiqat müəssisələrinin mütəxəssislərinin elmi-tədqiqat işlərinin orijinallığı yoxlanılır. Yoxlanılan işdə internet resursları, məlumat bazaları və sitatlardan istifadə edilir. Avtomatik qaydada yoxlandıqdan sonra nəticələr faiz nisbəti şəklində əks olunur və həmin nəticə müəllifə təqdim edilir. Nəticə faylında hər bir parametr üzrə oxşarlıq müəyyən olunan hissələr müvafiq rənglərdə dəqiqliklə göstərilir. Hər hansı parametr üzrə limit aşıldıqda müəllif müəyyən müddətdə işdə düzəlişlər etməli və yenidən yoxlamaya təqdim etməlidir
Mövzu ətrafında müzakirələrlə davam edən tədbirdə seminar iştirakçılarının suallarına aydınlıq gətirilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti