PROFESSORUN AÇIQ DƏRSİ: “GƏNCƏ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN PAYTAXTI VƏ MÜBARİZ QƏRARGAHI”
Gəncə şəhəri Mehdi Mehdizadə adına 4 saylı tam orta məktəbdə Gəncə Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Həsənbala Sadıqovun “Gəncə Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı və mübariz qərargahı” mövzusunda məruzəsi dinlənilib.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, açıq dərsdə M.Mehdizadə adına 4 saylı tam orta məktəbin müəllim və yuxarı sinif şagirdləri, eləcə də Gəncə Dövlət Universitetinin professor – müəllim heyəti və tələbələri iştirak ediblər.
Tədbiri açan M. Mehdizadə adına 4 saylı tam orta məktəbin direktoru Əliağa Səfərəliyev Gəncə Dövlət Universitetinin alimləri ilə məktəb şagirdləri arasında keçirilən görüşlərin artıq ənənəvi xarakter aldığını bildirərək, belə görüşlərin hər bir şagirdin əsl şəxsiyyət kimi formalaşmasındakı rolundan danışıb.
Təcrübə və karyera şöbəsinin rəhbəri Cabbar Qarayev bildirib ki, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun tapşırığına əsasən orta təhsil müəssisələrində, xüsusən universitetin baza təhsili məktəblərində keçirilən bu cür tədbirlərin təşkilində məqsəd yuxarı sinif şagirdlərinə ölkəmizin tarixini daha dərindən öyrətmək, sevdirmək, ali təhsil müəssisəsinin nailiyyətləri və beynəlxalq əlaqələri haqqında məlumat vermək, eləcə də şagirdlərin gələcəkdə əmək bazarının tələbinə uyğun düzgün ixtisas seçiminə kömək etməkdir.
Cabbar Qarayev Təcrübə və kareyara şöbəsi tərəfindən bu cür tədbirlərin gələcəkdə universitetin digər baza məktəblərində, eləcə də Gəncə və ətraf rayonların bütün orta məktəblərində keçirilməsinin planlaşdırıldığını bildirib.
Professor Həsənbala Sadıqov “Gəncə Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı və mübariz qərargahı” adlı məruzəsində AXC-nin yaranması və onun üç ay ərzində Gəncədəki fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
AXC-nin yaranmasını tariximizin ən şərəfli hadisəsi kimi dəyərləndirən Həsənbala Sadıqov deyib: “Transqafqaz dövlətini və Seymini milli ziddiyyətlər dağıtdı. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Azərbaycan Cümhuriyyətinin liderləri bilirdilər ki, onlar Tiflisdə uzun müddət qala bilməyəcəklər. Onlar ölkəyə sahib çıxmalı, bunun üçün də Bakını bolşevik ermənilərdən azad etməli idilər. Birbaşa Bakıya getmək mümkün deyildi. Ona görə də cümhuriyyət rəhbərləri dünya dövlətlərinə müstəqilliklərini elan edərkən paytaxt olaraq Gəncəni göstərirdilər. Azərbaycan Xalq Cümhuriyyəti 18 gündən sonra Gəncəyə gəldi. Azərbaycan Xalq Cümhuriyyətinin üç ay ərzində Gəncədəki fəaliyyəti tariximizin və dövlətçiliyimizin şanlı səhifələrindən birini təşkil edir”.
Tarix elmləri doktoru qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti 3 ay Gəncədə fəaliyyət göstərib. Yeni yaranan dövlətin ilk addımlarına ev sahibliyi edən bu qədim şəhərin tarixi adının qaytarılması da məhz Demokratik Respublikanın Gəncə dönəminə təsadüf edir. Dövlət strukturları formalaşdıqdan sonra qırmızı rəngli, ortasında 8 guşəli ulduz olan dövlət bayrağı qəbul olunub. Həmin vaxt olduqca əlamətdar hadisə sayılan bu addımla yanaşı “Azərbaycan türk dili” dövlət dili elan edilib və “Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında” qərar təsdiqlənib. Karyagin qəzasının adı Cəbrayıl olaraq dəyişdirilib və Zaqatala birdəfəlik Azərbaycana birləşdirilib. Dövlətin sosial-iqtisadi və maliyyə əsasları ilə bağlı bir sıra tədbirlər, o cümlədən sərhəd rayonlarında mühafizə, gömrük postlarının təşkili kimi mühüm tədbirlər bu şəhərin paytaxt olduğu vaxtda həyata keçirilib.
O dövrdə yaradılması vacib olan ordunun təşkili isə sözün həqiqi mənasında Cümhuriyyətin gücünün göstəricisinə çevrilib. AXC 1918-ci ilin 26 iyununda Azərbaycan Milli Ordusunun yaradılmasına başlayıb. Avqustun 1-də isə AXC-nin Hərbi Nazirliyi təsis olunub. Bundan başqa hərbi zavodun yaranması, hərbi mükəlləfiyyət haqqında qərarın qəbul edilməsi, zabit kurlarının təsis olunması da Cümhuriyyətin Gəncə dövrünə təsadüf edir. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun rəhbərliyi ilə yeni hökumətin ilk mətbu orqanı olan “Azərbaycan” qəzeti ilk dəfə olaraq Nizami yurdunda dərc edilib. Beləcə, Gəncə torpağında dirçəlib güc-qüvvə toplayan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il sentyabrın 17-də real bir qüvvə kimi Bakıya köçüb.
Professor Həsənbala Sadıqov şagirdləri maraqlandıran sualları cavablandırıb.
Sonda Tarix elmləri doktoru tədbir iştirakçılarına 15 kitab hədiyyə edib.