“Qərbi Azərbaycanın geosiyasi və etnoqrafiq reallıqları gənc alimlərin tədqiqatlarında” adlı layihənin təqdimat mərasimi keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Gənclər İnkişaf Naminə İctimai Birliyinin təşkilatçılığı və Gəncə Dövlət Universitetinin tərəfdaşlığı ilə icra edilən “Qərbi Azərbaycan rəqəmsal arxivlərdə: Qərbi Azərbaycanın geosiyasi və etnoqrafiq reallıqları gənc alimlərin tədqiqatlarında” adlı layihə çərçivəsində “Qərbi Azərbaycanın geosiyasi və etnoqrafiq reallıqları gənc alimlərin tədqiqatlarında” adlı kitab və uzun formatlı araşdırma materialı (lonqrid) təqdim edilib.

       Gəncə Dövlət Universitetində baş tutan təqdimat mərasimində Elm və İnnovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva,  Universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə çıxış edərək layihənin əhəmiyyəti, onun Qərbi Azərbaycanla bağlı tarixi, geosiyasi və etnoqrafik həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasındakı rolu barədə fikirlərini bölüşüblər.

    Çıxış edənlər layihə çərçivəsində hazırlanmış kitab və lonqrid haqqında geniş məlumat veriblər, təqdim olunan materialların elmi və praktiki əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, layihənin əsas məqsədi Qərbi Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Zəngəzurun geosiyasi və etnoqrafik reallıqlarını, unudulmaqda olan milli adət-ənənələri, tarixi həqiqətləri bədii-estetik və elmi əsaslarla geniş ictimaiyyətə təqdim etmək, dünya miqyasında tanıtmaqdır. Bu təşəbbüs, eyni zamanda, gənc alimlərin tarixi və etnoqrafik tədqiqatlara marağını artırmaq, onların elmi fəaliyyətlərini dəstəkləmək, elmi araşdırmaların daha geniş auditoriyaya çatdırılması üçün rəqəmsal arxivlər və müasir informasiya texnologiyalarından istifadə imkanlarını artırmaq məqsədini daşıyır.

     Tədbirin sonunda iştirakçılar arasında müzakirələr aparılıb, layihə çərçivəsində gələcək tədqiqatların və fəaliyyətlərin istiqamətləri barədə fikir mübadiləsi həyata keçirilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti