Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib
Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində müasir Azərbaycan dövlətinin qurucusu, Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyevin həyatı, zəngin və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi naminə həyata keçirdiyi mühüm işlərdən söhbət açıb. Prorektor Gülsüm Fətəliyeva bildirib ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı və qurucusudur. Ölkəmizdə dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi və dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, Azərbaycanın beynəlxalq nüfuzunun sürətlə artması məhz Ümümilli Lider Heydər Əliyevin yorulmaz və səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.
Təbdirdə Filologiya fakültəsinin dekanı Zakir Ələsgərov ”Müasir Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Həmid Abbasov “Ulu Öndər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Qivami Qazıyev “Tarix yaradan şəxsiyyət”, Azərbaycan dili kafedrasının müəllimləri-Günel Məmmədova və Ayşən Nəbiyeva “Ümumilli Lider Heydər Əliyevin irsi milli sərvətimizdir” məruzələri ilə çıxış ediblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin inkişaf mərhələsini və tariximizin ən şanlı dövrünü təşkil edir. Ümümmilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Gəncə şəhəri hər zaman Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş, onlarca yeni iri sənaye müəssisəsi, səhiyyə, təhsil mərkəzləri, mədəniyyət ocaqları tikilib istifadəyə verilmişdir.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti