Universitetdə təkrar institusional akkreditasiya ilə bağlı görüşlər davam edir
23 sentyabr 2025-ci il tarixində Gəncə Dövlət Universitetində təkrar institusional akkreditasiya prosesinə hazırlıq çərçivəsində Akkreditasiya Komissiyasının iclası keçirilib.
İclasda universitet rəhbərliyi, kafedra və şöbə müdirləri iştirak ediblər.
Rektor Yusif Yusibov giriş sözü ilə çıxış edərək akkreditasiya prosedurunun əhəmiyyətini vurğulayıb. O bildirib ki, cari ilin noyabr ayında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Akkreditasiya Komissiyası tərəfindən universitetin təkrar institusional akkreditasiyadan keçirilməsi nəzərdə tutulur. Rektor əlavə edib ki, GDU-nun Təkrar İnstitusional Akkreditasiya qiymətləndirilməsi üçün hazırlanan Özünütəhlil Hesabatı və ona əlavə ediləcək sənədlər artıq tam hazırdır. Bu prosesdə İşçi Qrupu ilə yanaşı bütün fakültələr, şöbələr və digər struktur bölmələri fəal iştirak ediblər.
Daha sonra İnnovasiyalar Departamentinin direktoru, İşçi Qrupun sədri Vasif Həsənov, Tədris Departamentinin direktoru Elturan Yusibov, Keyfiyyət Təminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov və İnnovasiya Texnologiyalarının Transferi və Marketinqi şöbəsinin müdiri Razim Əliyev çıxış edərək Akkreditasiya Komissiyasının Yekun Hesabatında verilən tövsiyə və göstərişlərin icrasına dair görülmüş işlər barədə məlumat təqdim ediblər. İclasda həmçinin qarşıda duran vəzifə və öhdəliklər müzakirə olunaraq müvafiq tövsiyələr verilib.
İşçi Qrupunun nümayəndələri GDU-nun Təkrar İnstitusional Akkreditasiya qiymətləndirilməsi üçün hazırlanan Özünütəhlil Hesabatı və ona əlavə edilən sənədlərlə bağlı ətraflı məlumat veriblər. Onlar hesabatda əksini tapan 7 əsas istiqamət – strateji inkişaf, keyfiyyət təminatı, təlim və tədris, elmi-tədqiqat, idarəetmə sistemi, infrastruktur və beynəlmiləlləşmə üzrə görülən işlər və icra olunan tədbirlər barədə məlumatı diqqətə çatdırıblar.
Sonda qeyd olunub ki, Gəncə Dövlət Universitetinin 2025-ci il üçün Təkrar İnstitusional Akkreditasiya prosesində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim ediləcək hesabat bütün tələb olunan kriteriyalara tam uyğun şəkildə hazırlanmışdır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti




