UNİVERSİTETDƏ ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

Elmi Şuranın növbəti iclası online qaydada keçirilmişdir.

İclası açan GDU-nun rektoru professor Yusif Yusibov gündəlikdə duran məsələləri diqqətə çatdırmışdır. Rektor Yusif Yusibov bildirmişdir ki, Gəncə Dövlət Universitetinin kollektivi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” sərəncamından irəli gələn və bu sərəncam əsasında  həyata keçirilən  layihələrdə fəal iştirak edir, qarşıya qoyulan məqsədlərə çatmaq üçün fəaliyyətini davam etdirir.

Rektor  qeyd etmişdir ki, təhsil prosesinin vacib göstəricilərindən olan semestr təşkili, eləcə də imtahanlarda obyektivliyin, şəffaflığın təmini, Ali təhsil müəssisəsində tələbə məmnunluğunu qazanmağın ən vacib amillərindən biri də tələbələrin tədris prosesində mənimsədikləri elmi-nəzəri və praktiki biliklərin semestr imtahanları ərəfəsində daha şəffaf bir şəkildə tətbiqinə, yaxud nümayiş etdirilməsinə nail olmaqdır. Şəffaf imtahan prosesində öz biliyini realizə etmək tələbənin haqqı, bu cür imtahan prosesini təşkil etmək isə hər bir universitetin başlıca vəzifəsidir. Məhz bu cür yanaşma universitetin nüfuzunu artırar, onun məzunlarının isə yüksək ixtisaslı kadrlar kimi müasir əmək bazarında rəqabətqabiliyyətliliyini təmin edər.

Sonra rektor Yusif  Yusibov prorektorların, fakültə dekanlarının, kafedra və şöbə müdirlərinə universitetdə nizam-intizamın təşkili, tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbələr arasında məmnuniyyətin təmin edilməsi ilə bağlı görülməsi vacib olan məsələlərlə bağlı tapşırıqlar vermişdir.

Rektor  Yusif Yusibov ali təhsil müəssisəsində pandemiya ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışmışdır. Diqqətə çatdırmışdır ki, bütüb dünyanı cənginə almış COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirləri Gəncə Dövlət Universitetində də uğurla davam etdirilir. Universitetdə Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın tələb və tövsiyyələri sözsüz yerinə yetirilməklə karantin rejiminin tələblərinə ciddi riayət olunur. Bu kəskin yoluxucu xəstəliyə qarşı aparılan vaksinasıyada iştirak edən universitet kollektivi hazırda bu prosesdə fəallıq nümayiş etdirir. Lakin bəzən bu istiqamətdə həyata keçirilən tədbirlərdə kollektiv üzvləri biganəlik göstərirlər. Xüsusilə vaksinasiyada iştirakın vacibliyini diqqətə çatdıran universitet rektoru bu sahədə qarşıda duran vəzifələrlə bağlı tapşırıqlar vermişdir.

Elmi Şurada Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fəxrəddin Məmmədovun “Yaz (yay) imtahan  sessiyasının gedişatı” haqqında hesabatı əsasında 2020/2021-ci tədris ilinin yaz  imtahan  sessiyasının yekunları haqqında, həmçinin tələbələrin online dərslərə qoşulması, bəzi tələbələrin dərslərdə iştirak edə bilməməsi səbəbləri, təhsil haqlarının ödənilməsi və imtahanların keçirilmə formaları kimi məsələlər müzakirə edilib.

Sonra Əlavə təhsil fakültəsinin dekan müavini Mübariz Əliyevin “Əlavə təhsil fakültəsində yenidən hazırlanma istiqamətində təhsilin vəziyyəti və onun daha da yaxşılaşdırılması yolları” haqqında məruzəsi dinlənilmişdir.

Elmi Şura işini cari məsələlərin müzakirəsi ilə yekunlaşdırıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti