UNİVERSİTETDƏ “QADINLAR HƏYATIN MƏNASI, BƏZƏYİ VƏ ƏBƏDİ GÖZƏLLİYİDİR” MÖVZUSUNDA VİDEOKONFRANS TƏŞKİL EDİLİB
Martın 5-də Gəncə Dövlət Universitetinin 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş videokonfrans keçirilib.
Universitet qadınları təbrik edən rektor Yusif Yusibov bu gün Azərbaycan qadınının cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini vurğulayıb. Rektor bildirib ki, Qadınların kişilərlə bərabərhüquqlu olmaq uğrunda apardığı mübarizəyə başlanğıc kimi 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində, geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi ilə başlayıb. 1908-ci ildə Nyu-Yorkda 15000 qadın, daha qısa çalışma saatı, daha yaxşı gəlir və səsvermə hüququ üçün nümayiş keçirdir. Nümayişdə ilk dəfə olaraq qadınların şüarı “Çörək və Gül” idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha yaxşı həyat tərzini ifadə edirdi. 1909-cu ildə isə Avropadaki qadınlar fevral ayının son bazar gününü, fevralın 28-ni ilk qadın günü olaraq qeyd etmişlər. 1910-cu ildə 1857-ci il hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında Klara Setkin adlı bir alman sosialist qadını 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq 8 mart gününü Beynəlxalq Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi. Məhz qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir.
Professor Yusi Yusibov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Dahi rəhbər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi. Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır. Qadınların ictimai-siyasi həyatdakı fəallığı hər il daha da güclənir. Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdən çıxış edir. Azərbaycan Prezidentinin sərəncamı ilə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilməsi və bu qərarın ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanması da Azərbaycan qadınına etimadın nə qədər yüksək olduğunu bir daha təsdiqləyir.
Azərbaycan qadınının bütün dövrlərdə gözəl örnəkləri olub. Tariximizdə qadınlar müdrikliyi, işgüzarlığı ilə parlaq səhifələr yazıblar. Seçki hüququnu dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Həyatımızın bəzəyi olan qadınlara tale ana olmaq, övladlarını cəmiyyət üçün gərəkli bir insan kimi böyüdüb tərbiyə etmək səadəti nəsib edib. Bu zərif cinsin nümayəndələri həm də cəmiyyətin bütün sahələrində kişilərlə çiyin-çiyinə çalışır, öz əməyi, bacarığı, səriştəsi, davranışı ilə fərqlənirlər. Azərbaycan qadınının böyük inkişaf yolu keçdiyini, qəhrəman övladlar böyütdüyünü məmnunluq hissi ilə dilə gətirən Yusif Yusibov müstəqil Azərbaycan dövlətinin həyatının bütün sahələrində uğurlu fəaliyyət göstərən, cəmiyyət quruculuğuna öz dəyərli töhfələrini verən qadınlarımızın əməyini yüksək qiymətləndirib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru qadın əməkdaşları təbrik edərək tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, rektor Yusif Yusibovun əmrinə əsasən 13 nəfər “Fəxri fərman”, 19 nəfər “Təşəkkür” və 60 qadın əməkdaş pul mükafatı ilə təltif olunub.
Universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova qadınları bu gün münasibətilə təbrik etmiş və rektor Yusif Yusibova göstərdiyi diqqət, qayğıya görə təşəkkürünü bildirmişdir. Afaq Qasımova qeyd edib ki, universitetin Həmkarlar İttifaqı Komitəsi tərəfindən 40 nəfər qadın əməkdaşa pul mükafatı ayrılıb.
Sonda rektor bir daha universitetdə elm-tədris mühitinin inkişafında və ictimai işlərdə fəal iştirak edən qadınları bir daha təbrik etmiş, onlara ailə səadəti, işlərində uğurlar arzulamışdır.
ƏZİZ QADINLAR BAYRAMINIZ MÜBARƏK!