► Ümumi məlumat

► Qəbul mərhələləri

► Qəbul şərtləri

► Təqdim olunacaq sənədlər

► Təhsil haqqı

► Viza və miqrasiya prosedurları

► Qalma və yataqxana imkanları

► Müraciət tarixi


Ümumi məlumat

Gəncə Dövlət Universitetində təhsil almaq üçün əcnəbi vətəndaşların qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2015-ci il tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq Gəncə Dövlət Universiteti xarici ölkə vətəndaşları (əcnəbilər) üçün heç bir imtahan vermədən, yalnız attestatla təhsilin bakalavriat, bundan əlavə müvafiq ali təhsili təsdiq edən diplomla magistratura və doktorantura səviyyələri üzrə tələbə qəbulu elan edir. Bu qaydalar Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə şamil edilmir. Həmin şəxslər ölkə daxilində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər.
Qəbul üçün müraciət etmiş əcnəbilərin təqdim etdikləri sənədlər müvafiq strukturlarda baxılır və yalnız bundan sonra qəbul haqqında qərar verilərək əcnəbiyə məzmunu qərardan asılı olan müvafiq məktub göndərilir.
Əlavə məlumat əldə etmək üçün aidiyyatı üzrə info@gdu.edu.az ; ird@gsu.az email ünvanları ilə əlaqə saxlaya bilərsiniz.


Qəbul mərhələləri

Qəbul üçün müraciət etmiş əcnəbilər aşağıdakı mərhələlərdən uğurla keçməklə Universitetimizə qəbul oluna bilərlər:

  • Siz təhsil almaq arzusunda olduğunuz ixtisası seçir və son müraciət tarixinə qədər sənədlərinizi elektron qaydada (bütün tələblərə uyğun şəkildə olmaqla) təqdim edirsiniz;
  • Sənədlərinizə baxıldıqdan (zəruri hallarda müsahibədən) sonra müsbət qərar verildiyi təqdirdə, sizinlə əlaqə saxlanılır;
  • Siz qeyd olunmuş son ödəniş tarixinə qədər müəyyən edilmiş təhsil haqqını GDU-un bank hesabına köçürürsünüz;
  • Ödənişin edilməsi təsdiqləndikdən sonra sizə qəbul haqqında rəsmi məktub göndərilir;
  • Bundan sonra əməkdaşlarımız Azərbaycana səfərinizlə bağlı zəruri tədbirlərin həyata keçirilməsində sizə köməklik edirlər;
  • Siz qeyd olunmuş tarixdən gec olmamaq şərti ilə Azərbaycana gəlir və GDU-də təhsilinizə başlayırsınız.

Qəbul şərtləri

Gəncə Dövlət Universitetində təklif olunan ixtisaslarından birinə qəbul edilmiş əcnəbilər müvafiq kafedraların tələblərinə uyğun olaraq ixtisas üzrə ilkin biliklərə malik olmalıdır. Qeyd edək ki, GDU-da tədris azərbaycan və rus dillərində həyata keçirildiyi üçün tələbələrin müvafiq dil üzrə biliklərinin olması zəruridir.


Təqdim olunacaq sənədlər

  • E-Ərizə forması (yüklə);
  • Müvafiq qaydada leqallaşdırılmış (və ya Apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) – orta təhsil haqqında şəhadətnamənin (Bakalavr səviyyəsinə müraciət edənlər), magistr və ya bakalavr diplomunun ingilis dilinə tərcümə və notarial qaydada təsdiq olunmuş surətləri. Müvafiq qaydada leqallaşdırılmış (və ya Apostil olunmuş) və keçdiyiniz fənlər üzrə aldığınız qiymətləri göstərən təhsil haqqında sənədin (akademik transkript) ingilis dilinə tərcümə və notarial qaydada təsdiq olunmuş surətləri;
  • Ümumi sağlamlıq, eləcə də QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmamanız barədə arayış (ingilis dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş);
  • Etibarlı sərhədkeçmə sənədi;
  • 3×4 ölçüdə 6 ədəd fotoşəkil;
  • Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlər (mövcud olduğu təqdirdə);
  • Motivasiya məktubu;
  • Məhkumluq haqqında arayış (ingilis dilinə tərcümə və notarial qaydada təsdiq olunmuş);
  • MYI (müvəqqəti yaşama icazəsi) vəsiqəsi (ARDMX tərəfindən verilir: https://migration.gov.az/az);
  • Ərizə formasını çap edib imzalayın, scan olunmuş versiyanı digər bütün sənədlərinizlə birlikdə müvafiq son müraciət tarixinə qədər təqdim edin.

Qeyd: Sənədlərinizin elektron formatda qəbulu sizin GDU-nun müvafiq proqramına qəbul olunmanız demək deyildir. Yalnız yuxarıdakı siyahıya uyğun olaraq təqdim olunmuş tam həcmli sənədlər nəzərdən keçiriləcək və bundan sonra seçilmiş şəxslərlə əlaqə saxlanılacaq və onlarla müsahibə aparılacaqdır. Qəbulla bağlı Qəbul Komissiyasının müsbət qərarı verildikdə, müvafiq sənədlər Azərbaycan dilinə tərcümə və notarial qaydada təsdiq olunmalıdır (xərclər tələbə tərəfindən qarşılanmalıdır).


Təhsil haqqı

Təhsil haqqı bakalavriat səviyyəsi üçün 1000 azn, magistratura və doktorantura səviyyələri üzrə isə 1500 azn təşkil edir. Əlavə heç bir ödəniş tələb olunmur.


Viza və miqrasiya prosedurları

Azərbaycana təhsil məqsədi ilə gələn əcnəbi vətəndaşlar (vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin vətəndaşları istisna olmaqla (https://migration.gov.az/content/pdf/viza/list_az.pdf) Azərbaycanın müvafiq ölkədə akkreditə olunmuş səfirliyindən viza almalıdırlar. Viza rəsmiləşdirilməsi üçün tələb olunan dəvət məktubu GDU tərəfindən sizə təqdim olunacaqdır.

Viza rəsmiləşdirilməsi prosedurları və tələb olunan sənədlərin siyahısını əldə etmək üçün Azərbaycanın ölkənizdə akkreditə olunmuş səfirliyinə müraciət etməlisiniz. Tədrisdə geciklmələrə yol verməmək üçün viza üçün ən qısa zamanda müraciət etməyinizi tövsiyə edirik.

Əcnəbi tələbələr 3 aylıq etibarlılıq müddəti olan təhsil vizası almalıdırlar. Azərbaycana gəldikdən sonra siz 10 gün ərzində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlisiniz.

Əgər yaşadığınız ölkədə Azərbaycanın müvafiq səfirliyi fəaliyyət göstərmirsə, bu halda sizin üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yerləşən viza şöbəsində və ya istənilən sərhəd keçmə məntəqəsində viza rəsmiləşdirilməsi aparıla bilər.

Vizanızın etibarlılıq müddətinin bitməsinə ən azı 1 ay qalmış siz Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək bir illik müvəqqəti yaşayış icazəsi almalısınız. Bu icazə GDU-da uğurla təhsil aldığınız müddətdə hər növbəti il bir il olmaqla uzadılacaqdır.
Müvəqqəti yaşayış icazəsi sizə onun etibarlılıq müddəti ərzində Azərbaycandan çıxış və Azərbaycana vizasız giriş imkanı yaradır. Bu istiqamətdə sizə hərtərəfli dəstək göstəriləcəkdir.
Əlavə məlumat üçün https://migration.gov.az/az internet səhifəsinə baxın.

Qeyd: Miqrasiya Xidmətindən müvəqqəti yaşayış icazəsinin alınması/uzadılması ilə bağlı tələb olunan müvafiq məbləğdə dövlət rüsumu Bax: https://migration.gov.az/az , eləcə də sığorta xərcləri tələbənin özü tərəfindən ödənilir.


Qalma və yataqxana imkanları

GDU-nun yeni təmirdən çıxmış yataqxanası əcnəbi tələblər üçün xüsusi təklif paketi ilə çıxış edir. Belə ki, yataqxanada qalma (2 n.otaqda 1 nəfərin qalması) və gündə 3 dəfə yemək 200 azn (manat) olaraq müəyyən edilmişdir. Yataqxanaya dair video aşağıdakı keçiddədir:


Müraciət tarixi

Tədris ili üzrə sənədlər 2021-ci ilin 01 sentyabr – 30 sentyabr tarixlərində qəbul edilir. Ərizəçi ərizə formasını tam doldurmalı və tələb olunan bütün sənədləri aşağıda qeyd olunan e-maillərə (info@gdu.edu.az ; ird@gsu.az ) göndərməli və ya birbaşa təqdim etməlidir. Əks halda müraciət etibarsız hesab olunacaqdır.