10 may
10 may – ümummilli lider, mərhum prezident, görkəmli dövlət xadimi və siyasətçi Heydər Əlirza oğlu Əliyevin doğum günüdür. Bu il 99-cu ildönümü olan bu tarixin qeyd olunması bir ənənə halını almışdır.
Azərbaycanın müstəqillik dövründə əldə etdiyi ciddi uğurlar, sürətli iqtisadi inkişaf yolu ilə bölgədəki stabil lider mövqeyi məhz Heydər Əliyevin müəyyən etdiyi dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi ilə bilavasitə bağlıdır. Ölkədə hüquqi dövlət qurmaq üçün ilk növbədə konstitusion rejim, mükəmməl hüquq sistemi, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradılmalı idi.
Bütün bu müddəaların ən yüksək standartlara uyğun şəkildə əks olunduğu və 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş konstitusiyamızın müəllifi məhz Ümummilli lider Heydər Əliyevdir. Burada demokratik hüquqi dövlətin bütün prinsipləri-qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmiş, konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilmişdir. Milli qanunvericiliyin mükəmməl səviyəyə qaldırılmasına xüsusi önəm verən H.Əliyevin təşəbbüsü ilə Məhkəmə-Hüquq Şurası təsis edilmişdir.
Ümummilli liderin təşəbbüsü ilə 1996-cı il fevral ayının 2-sində Azərbaycan gənclərinin ilk formu keçirildi. Bu formda nəzərdə tutulan gənclər siyasəti gənclərdə sabaha böyük ümidlər yaratdı. Ulu öndərin imzaladığı fərmana əsasən hər il fevral ayının 2-si Azərbaycanda “Gənclər günü” kimi qeyd olunur. Bununla da, uğurlu gənclər siyasətinin əsası qoyuldu. Ümummilli liderin 1998-ci ildə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər” haqqında fərmanında İnsan hüquqlarının qorunmasına nə qədər diqqət ayırdığının bariz nümunəsi idi. Dövlətin insan hüquqları sahəsində atdığı ən mühüm addımlardan biri kimi, şübhəsiz, Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğv edilməsi, söz və mətbuat azadlığının təmin olunması, senzuarının aradan qaldırılması Heydər Əliyevin demokratik dəyərlərə verdiyi önəmin ifadəsi və onun böyük mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiq edən çox saylı faktlardandır. Heydər Əliyev “Biz Azərbaycan torpağının bir qarışını da heç kimə verməyəcəyik!”, “Azərbaycanın ərazi bütövlüyü istənilən yol ilə mütləq bərpa ediləcəkdir!”- deyə qətiyyətli mövqeyini hər zaman hər yerdə ifadə edərək dünyaya mesaj vermişdir.
Ulu öndərin o dövrdə apardığı siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dövləti möhtəşəm xalq-ordu-prezident birliyi sayəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruq” əməliyyatı nəticəsində tarixi qələbə qazanaraq 30 ildən bəri düşmən tapdağı altında qalmış ərazilərimizə sahib çıxmışdır. Vətən müharibəsində qazanılmış tarixi zəfərdə prezident İlham Əliyevin “Mən ata vəsiyyətini yerinə yetirdim” ifadəsində qürurlanmamaq, kövrəlməmək əldə deyil. Prezidentimizin, ordumuzun, xalqımızın dəstəyi ilə biz tarixi torpaqlarımızı bərpa etdik. Bu siyasətin banisi ulu öndər Heydər Əliyev və bu yolda canlarından keçən şəhidlərimiz ruhunuz şad olsun! Əsirlər keçəcək, illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək amma Heydər Əliyevin milli müstəqillik, Azərbaycançılıq ideyaları heç zaman yox olmayacaq. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.