Dövlətçiliyimizin təməli
“Müasir Azərbaycan” dedikdə – özündə dərin keçmişimizi dolğun şəkildə daşıyan, xalqımızın uzun illərdən bəri yazdığı qəhrəmanlıq salnaməsini əks etdirən, tarixin keşməkeşli dövrlərinə sinə gərərək irsimizi, mədəniyyətimiz qoruyub saxlamaqla çağdaş dünyanın siyasi və coğrafi xəritəsində layiqli bir yerə malik olan dövlətimiz gözümüz önünə gəlir. Bu gün dövlətimizin əldə etdiyi uğurlarla cəmiyyətimizin inkişaf edən bir çağındayıq. Təhsilimiz, elmimiz, mədəniyyətimiz, iqtisadiyyatımız özünün ən parlaq anlarını yaşayır. Zirvədə addımlayırıq sanki. Azərbaycan Respublikası dünyada inkişaf etməkdə olan ölkələr arasında ən ön sıralarda durur. Buna ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən siyasəti və uğurlu addımları sayəsində nail oluruq. Azərbaycan inkişaf edərək bu həddə gəlib çatanacan tarixmizin neçə-neçə səhifələri qanla yazılıb. Sivilizasiyanın ən qədim mərkəzlərindən biri olan Azərbaycan zəngin və qədim tarixə malikdir. Min illər ərzində onun ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş zəngin mədəni irs yaradılmışdır. Dünyada ən qədim insan məskənlərindən olan Azıx mağarasının, qədim daş dövrünə aid bir sıra insan məskənlərinin kəşfi sübut edir ki, Azərbaycan antropogenez zonasına daxildir, bəşəriyyətin ilkin beşiklərindəndir. Eramizdan əvvəl IX əsrdə Azərbaycan dövlətçiliyi təşəkkül tapır: yüksək iqtisadi və mədəni səviyyəyə malik Manna çarlıgı yaranır. Mannalilar təbiət hadisələrinə, günəşə və aya inanırdılar. Eramizdan əvvəl VI əsrin əvvəllərində Manna Midiya dövləti tərəfindən fəth edilmişdir. Bu dövrdə Zərdüştlük rəsmi din idi və onun burada yayılmasının səbəbi öz-özünə yanan neft və qaz mənbələrinin mövcudluğu idi. Antik dövrdə Azərbaycan ərazisində müstəqil dövlətçiliyin bərqərar olmasında Atropatena və Albaniya dövlətləri böyük rol oynamışdılar. Ölkənin adı sonradan dəyişikliklərə uğrayaraq “Azərbaycan” şəklinə düşmüşdür. VIII əsrin əvvələrində Azərbaycan ərəblər tərəfindən işğala məruz qaldı və Aran vilayəti adı altında Ərəb Xilafətinin tərkibinə daxil oldu. İslam Azərbaycanda hakim dinə çevrildi. Yeni ənənələr və mədəniyyət təşəkkül tapdı. Orta əsrlərdə Azərbaycanın ərazisində dövlətçilikdə varislik saxlanılmaqda idi: Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər. Hər bir yaranmış dövlət bu ərazidə yerləşdiyi mövqeyə görə daima xaricdən təsirlərə məruz qalsa da xalqımız elə bir qüdrətə malikdir ki, onların dövlətçilik inamını əzmək və yox etmək mümkün olmamışdır. Saydığımız müstəqil dövlətlər bununla bitmir hər zaman təziqlərə məruz qalsada Şah İsmayıl Xətai, Babək, Cavanşir, Cavidan, Uzun Həsən, və başqa görkəmli sərkərdələrin xalqı Vətən sevgisi, dövlətçilik hissini daha da, inkişaf etdirmiş, onu həyatının ən vacib, ən ümdə məqsədinə çevrmişdir. Azərbaycanı öz təsir dairəsinə salmaq üçün bəzi dövlətlərin rəqabəti XVIII əsrdə ölkədaxili sabitliyi kəskin şəkildə pozulmasına gətirib çıxardı. Nəticədə bir neçə müstəqil və yarımmüstəqil xırda dövlətlər, xanlıqlar meydana gəldi. XVIII əsrin sonu XIX əsrin əvvəllərində İran, Rusiya arasında ziddiyyətlər güclənməyə başladı. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsinə görə Şimali Azərbaycan Rusiyanın, Cənubi Azərbaycan isə İranın tərkibinə qatılır. XX əsrdə Azərbaycanda faydalı qazıntıların çıxarılması və emal edilməsi ilə bağlı sənayenin müxtəlif sahələri intensiv şəkildə inkişaf edir. Əsrin əvvəlində dünya neftinin yarıdan çoxunu və Çar Rusiyası neftinin 95 faizini vərməklə Bakı dünyanın neft mərkəzlərindən birinə çevrilmişdi. Mədəni həyatda canlanma hiss edilirdi. Elmin müxtəlif sahələri inkişaf etməyə, qəzet və jurnallar çap olunmağa başladı. Siyasi cəmiyyətlərin, təşkilatların, partiyaların yaradılması demokratik ideyaların inkişafına, azadlıq mübarizəsinin yüksəlişinə zəmin yaradırdı. 1917-ci ildə Rusiyada monarxiyanın süqutu əyalətlərdə azadlıq hərəkatlarının inkişafına əlverişli şərait yaratdı. Azərbaycan xalqı o dövrdə çətinliklərə, itkilərə baxmayaraq öz irsini qorudu və yenidən müstəqil dövlət olmağa nail oldu. Bu şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyətidir. Güclü Rusiyaya qarşı ərazi baxımdan kiçik lakin iradə baxımdan qüdrətli olan bu dövlət başda Məmməd Əmin Rəsulzadə olmaqla Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Xudadat bəy Rəfibəyli və digər görkəmli şəxsiyyətlərin vətən sevgisi, dövlətçilik prinsipləri əsasında quruldu. O dövrdə öz həyatı, ailəsi və yaxınlarının zərər görəcəyi qorxusu bir an belə olmadan azadlıq üçün çırpınan qəlblər dünyada hər xalqa nəsib olmayan bir dövlət, Cümhuriyyətimizi yaratdılar. 1918-ci il mayın 28-də Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Dövlət Milli Şura tərəfindən idarə olunurdu. Tez bir zamanda xalqı dirçəltmək və gücləndirmək məqsədilə müxtəlif islahatlar, tədbirlər görüldü. Azərbaycanda ilk universitet yaradıldı. Azərbaycan qadına və qeyri millətlərə hüquq verən şərqin ilk demokratik respublikası oldu. Öz himni, möhtəşəm bayrağı, gerbi, konstitusiyası, milli atributları olan Demokratik Respublika Rusiyanı və digər düşmənlərimizi təbii olaraq qorxudurdu. Belə zəngin təbiəti olan və əlverişli ərazidə yerləşən bir dövləti əldən buraxmaq onlarçün sadəcə mümkünsüz hesab olunurdu. Təbii ki, imperialist qüvvələrin çirkin siyasəti və tökdükləri qanlar nəticəsində Məmməd Əmin Rəsulzadə və onun məsləkdaşları dövlətçiliyimiz və millətimiz üçün atdıqları bu böyük addımda sonacan müstəqil qala bilmədilər. 23 ay yaşadıqdan sonra bu Respublika 1920-ci il aprelin 28-də XI rus ordusunun Bakıya daxil olması ilə süqut etdi. 1922-ci il dekabr ayından Azərbaycan dovlət atributlarına malik- konstitutsiyalı, bayraqlı, himn və gerbli müttəfiq Respublika kimi SSRİ-nin tərkibinə daxil edildi.
Tarixdə çox az sayda ikinci bir dövlət, millət vardır ki, çəkdiyi bu qədər acılardan, yaşadığı müharibələrdən, verdiyi itkilərdən sonra yenidən dirçələ bilsin. Lakin türk milləti elə bir qüdrətə malik olmuşdur ki, dövlətinin bir hissəsində günəş batarkən digər hissədə günəş doğurdu. Bu bizim qanımızda, genimizdə daşınan bir xüsusiyyətdir. “Bir kərə yüksələn bayraq bir daha enməz” kəlamının gücünü qanımızda yenidən hiss etdik. Xalqın uzun sürən azadliq hərəkatları və SSRİ-nin dagılması nəticəsində 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Müstəqil olan Azərbaycan Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində xaricdən edilən heç bir təzyiqə baxmayaraq güclü orduya və iqtisadiyyata nail oldu. Hal-hazırda da möhtərəm Prezidentimizin uğurlu idarəçiliyi sayəsində Azərbaycan dünyanın inkişaf etməkdə olan ən güclü iqtisadiyyata, mədəniyyətə, tarixə malik bir dövlət olaraq tanınır. Müharibə vəziyyətində olan bir dövlət üçün qısa müddət ərzində bu şəkildə inkişaf etmək sözün əsl mənasında böyük uğurdur.
Bu illər ərzində ölkəmizin hərbi qüdrəti də getdikcə artıb. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində maddi-sosial və texniki cəhətdən təchiz olunmuş, ən müasir silahlarla silahlanıb, dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu formalaşıb. Məhz bu kompleks tədbirlərin nəticəsidir ki, 2016-cı il aprel ayının əvvəllərində Azərbaycan Ordusunun bölmələri əks-həmlə ilə erməni işğalçılarının törətdikləri silahlı təxribatların qarşısını aldı və düşmənin dinc əhaliyə qarşı hücumlarını dəf etdi, sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq bir çox ərazilərimizi, ö cümlədən olduqca mühüm əhəmiyyət kəsb edən strateji yüksəklikləri düşməndən azad etdi.
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi. Qırx dörd günlük müharibədə məğlub olan Ermənistanın Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi və Azərbaycan dövlətinin birmənalı qələbəsinin göstəricisi oldu.
Bu gün müstəqil Azərbaycan Respublikası hər cəhətdən böyük potensiala malik və yüksək inkişafa qadir bir ölkədir. Əminliklə deyə bilərik ki, böyük keçmişə və möhtəşəm dövlətçilik tarixinə malik xalqımız hər zaman ayaqda durmağı bacarıb və bacaracaqdır!