GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ “MƏZUN GÜNÜ” KEÇİRİLMİŞDİR

Mayın 26-da Gəncə Dövlət Universitetinin 5-ci tədris korpusunun qarşısında böyük izdiham yaşanmışdır. Burada keçirilən “Məzun günü”nə bu il universiteti bitirən yüzlərlə bakalavr və magistrlərlə yanaşı 44 günlük Vətən Müharibəsində qazi olmuş universitet tələbələri, həmçinin şəhid anaları da qatılmışdılar. İki illik pandemiyadan sonra nəhayət “Məzun günü”nün keçirilməsi müəllim və tələbələrdə böyük sevinc hissi oyatmışdı.  Hər tərəfi al-əlvan çiçəklərlə bəzədilmiş meydanda deyib-gülən gənclərin üzündən sevinc oxunurdu.

“Məzun günü” münasibətilə keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra söz universitetin rektoru, professor Yusif Yusibova verilmişdir. Rektor çıxış edərək bu il universitetdən 1928 tələbə və magistrin məzun olduğunu diqqətə çatdırmış, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, GDU-nun əldə etdiyi nailiyyətlərdən danışmışdır. Otuz ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə böyük Qələbənin qazanılmasında gənclərin rolundan söz açan natiq Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın, o cümlədən GDU-nun 16 şəhid məzununun xatirəsinin daim əziz tutulduğunu qeyd etmişdir. Gənclərə öz tövsiyələrini verən rektor vurğulamışdır ki, builki məzunlar xoşbəxtdirlər. Ona görə ki, qalib xalqın məzunlarıdırlar. Onlar həmişə öz dövlətləri, xalqı və qəhrəmanları ilə qürur duymalıdırlar və duyurlar.

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək məzunları təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar və müstəqil dövlətimizin daha da çiçəklənməsi naminə səy və bacarıqlarını əsirgəməməyi arzulamışdır.  

Türkiyənin Gəncədəki Baş Konsulu, Zeki Öztürk, Millət Vəkili Pərvin Kərimzadə, şəhid Rauf Əsgərovun anası Brilliyant Əsgərova, universitetin tələbəsi, 44 günlük Vətən Müharibəsinin qazisi Tural Zeynalov və başqaları çıxış edərək məzunlara ən xoş arzularını bildirmişlər.

Sonra mükafatlandırma mərasimi olmuşdur. Universitetin ictimai-siyasi həyatında fəallıq göstərən, təhsildə fərqlənən bir qrup məzuna fəxri fərman təqdim olunmuşdur. Məzunlar qonaqlarla xatirə şəkli çəkdirdikdən sonra böyük bayram konserti olmuşdur. Tədbir iştirakçıları səhnədə universitet tələbələrinin ifasında səsləndirilən “Azərbaycan”, “Azərbaycan bayrağı”, Qalib sərkərdə” və sair qəhrəmanlıq mahnılarını, eləcə də rəqs qrupu üzvlərinin çıxışlarını alqışlarla qarşılamışlar.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti