Tələbə Gənclər Təşkilatı

Azərbaycanda Dövlət quruculuğu prosesində həlledici dönüşün baş verdiyi, müasir dövlətçiliyimizin memarı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclərə diqqət əsas vəzifələrdən birinə çevrildi. Ölkəmizdə gənclər hərəkatının əsası qoyuldu. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi,1997-ci ildə fevralın 2-nin Gənclər günü elan edilməsi ilə bağlı fərmanın imzalanması dövlət gənclər siyasətinin uzunmüddətli strategiyaya söykəndiyini göstərir. Gənclər günü Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük töhfələrindən biri, Azərbaycan gəncliyinə dövlət səviyyəsində verilən qiymətdir. Bu uzaqgörən siyasət Respublika Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

Hazırda Azərbaycanda dinamik gənclər hərəkatı mövcuddur. Sayca üçüncü olan Dövlət Proqramı Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, gənclərin yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq kimi mühüm məsələləri həyata keçirmək məqsədi daşıyır.

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı gənclərin təhsilə olan marağının artırılması, təhsildə rəqabətin formalaşması üçün müxtəlif layihələr həyata keçirir və bu layihələrdən biri də “Tələbələr arasında fənn olimpiadaları”nın keçirilməsidir. 4 həftə müddətində davam edən olimpiadada yüksək nəticələr əldə etmiş tələbələr rektorluq tərəfindən Fəxri fərmanla təltif edilmiş və müxtəlif mükafatlara layiq görülmüşlər.

Təşkilat gənclərin bacarıqlarını, istedadlarını, rəssamlıq qabiliyyətlərini üzə çıxarmaq, özlərini tanıtmaq məqsədi ilə onların arasında intellektual yarışların keçirilməsini, əyləncəli konsert proqramlarının təşkilini əsas məqsədlərdən biri hesab edir. Bu sahədə mütəmadi olaraq keçirilən istər fərdi, istərsə də komanda şəklində fakültələrarası “Bilik kuboku” adlı intellektual çempionat, “Mən bacarıram” adlı layihə,  əl işlərindən ibarət “Qızıl əllər” adlı sərgilər xüsusi əhəmiyyət kəsb edir.

Gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların bir-birlərini daha yaxşı tanımaları, əlaqələrin daha da möhkəmlənməsi, eyni zamanda Gəncənin, eləcə də ölkəmizin  mədəniyyətini və tarixini daha yaxşı öyrənmək üçün şəhərimizdə fəaliyyət göstərən muzeylərə, ətraf rayonlara ekskursiyalar təşkil olunur.

Tələbələr arasında humanizm anlayışını aşılamaq, belə nəcib hissləri inkişaf etdirmək məqsədilə Gəncə şəhərində yerləşən valideyn himayəsindən məhrum olan uşaqların yaşadığı uşaq evlərinə baş çəkilir, onlar üçün müxtəlif oyunlar, rəsm dərsləri təşkil olunur. Hətta bu uşaqlara tələbələr tərəfindən dərsdən sonra  ingilis dili dərsləri keçirilir. Belə kurslar pulsuz olaraq tələbələr üçün də yaradılır.

Tələbələri sağlam həyat tərzinə dəvət etmək, onları zərərli vərdişlərdən çəkindirmək təşkilatın əsas vəzifələrindən biridir. Bu sahədə maarifləndirmə məqsədilə erkən və gecikmiş nikahlar və onların fəsadları, narkotik və alkoqol içkilərin yaratdığı problemlər və QİÇS-ə qarşı mübarizə ilə bağlı tədbirləri misal göstərmək olar. Tələbələrlə görüşlərdə, maarifləndirici söhbətlərdə tibb kollecinin müəllimləri, tanınmış mütəxəssis həkimlər və Bakı şəhərində QİÇS-ə qarşı mübarizə təşkilatının ekspertləri iştirak etmişlər. “Sağlam gələcək sağlam gənclik ilə gələcək” adlı layihə universitet gəncləri arasında böyük marağa səbəb olmuşdur.

Tələbələrdə yüksək vətənpərvərlik ruhunun aşılanması üçün xalqımızın, Respublikamızın həyatında mühüm əhəmiyyətə malik tarixi günlər, Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş Milli Qəhrəman adına layiq görülmüş insanlar haqqında ətraflı məlumatların əldə edilməsi və məlumatların daha da zənginləşməsi üçün dəyirmi masalar təşkil olunur, “Milli Qəhrəmanlarımızın gənclər arasında təbliği” layihəsi uğurla həyata keçirilir. Bu məqsədlə Milli Qəhrəman İbad Hüseynov gənclərlə görüşə dəvət olunmuşdur.

Tələbələrin asudə vaxtlarının səmərəli təşkili, təcrübələrinin artırılması məqsədilə mütəmadi şəkildə təlimlər və seminarlar təşkil olunur, motivasiya, özünə güvən, fərdi inkişaf, komanda işi, liderlik, psixologiya ilə bağlı müxtəlif mövzular üzrə silsilə layihələr həyata keçirilir.

Gəncə Avropa Gənclər Paytaxtı layihəsi çərçivəsində könüllü gənclərin bu layihəyə cəlb olunması üçün 4 gün müddətində davam edən “Gəncə Dövlət Universiteti Tələbələrin I Könüllülük Qış Məktəbi” layihəsi də uğurlu olmuşdur.       4 gün müddətində davam edən layihədə 45 nəfər tələbə iştirak etmişdir. Sonda onlar sertifikatla təltif olunmuşlar.

Gəncə Dövlət Universitetinin yaranmasının 80 illik yubileyinə həsr olunan “Gəncə Dövlət Universiteti tələbələrinin II Könüllülük Yaz Məktəbi” layihəsi də bu qəbildəndir. 4-7 may 2018-ci il tarixlərində həyata keçirilən layihədə Bakı şəhərindən dəvət olunan 4 nəfər təlimçi iştirak etmişdir. Layihədə uğurla iştirak edən gənclər sertifikatlara sahib oldular.

Gəncə Dövlət Universiteti Gəncə şəhər orta məktəbləri ilə sıx əməkdaşlıq edir. Universitet tələbələri və universitetin baza məktəbləri olan 39 və 4 saylı tam orta məktəb şagirdlərinin iştirakı ilə ekskursiyaların, fənn olimpiadalarının, şeir gecələrinin, bilik yarışlarının təşkili yaddaqalan olmuşdur. Bununla yanaşı Gəncə Dövlət Universitetinin təşkilatçılığı və ev sahibliyi ilə Gəncə şəhər və ətraf rayon məktəblərində təhsil alan şagirdlərin iştirakı ilə Kimya və biologiya fənləri üzrə olimpiadaların təşkili, həmçinin olimpiadada yer tutmuş şagirdlərin universitet rəhbərliyi tərəfindən Fəxri fərman və hədiyyələrlə təltif edilmələri layihəni daha da mənalandırmışdır.

Gəncə Dövlət Universiteti tələbələri istər şəhər, istərsə də respublika üzrə keçirilən intellektual yarışlarda böyük uğurlar əldə etmişlər. “Mer kuboku”,  “Regionlar kuboku”, “Nə? Harda? Nə zaman?” çempionatı, “Bilik kuboku” və digər yarışlarda daim qələbə qazanaraq ən yüksək uğurlara imza atmışlar.

Gəncə Dövlət Universiteti tələbələri təkcə şəhər əhəmiyyətli tədbirlərdə deyil, respublika əhəmiyyətli tədbirlərdə də yaxından iştirak edərək Könüllülük hərakatına öz töhfələrini verirlər.

Bakı 2015 – İlk Avropa Oyunlarında universitetin 150-yə yaxın tələbəsi könüllü kimi iştirak etmişlər. Bir tələbəmiz yüksək könüllülük fəaliyyətinə görə Türkiyə Cümhuriyyətinin Gənclər və İdman Nazirliyinin Kuboku ilə təltif olunmuşdur. Bakı şəhərində keçirilən FORMULA-1 yarışlarında, Bakı-2017 İslam Oyunlarının təşkilində universitetimizin tələbələri könüllü kimi yaxından iştirak etmişlər. Gəncə Dövlət Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi Bir Tələbə Könüllü proqramına qoşulmuş və tələbələrimiz həmin proqramın işində yüksək fəallıq göstərmişlər.

Bütün bu işlərə görə Tələbə Gənclər Təşkilatı dəfələrlə Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “Fəxri diplom”lara, “Təşəkkürnamə”lərə, müxtəlif mükafatlara layiq görülmüşdür.

Dadaşov Fuad Davud oğlu – Sədr

2002-ci ildə Göygöl rayonunda anadan olub. 2019-cu ildə Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin Tarix ixtisasına daxil olub. 2021-ci ildə Tələbə Gənclər Təşkilatının sədri seçilmişdir.

Əlili Nuğay Qeray oğlu- Sədr müavini

2001-ci ildə İsmayıllı rayonunda anadan olmuşdur. 2019-cu ildə Riyaziyyat- İnformatika fakültəsinin Riyaziyyat ixtisasına daxil olmuşdur. 2021-ci ildə Tələbə Gənclər Təşkilatına sədr müavini seçilmişdir.