MÜASİR TƏLİM MƏRKƏZİ

Gəncə Dövlət Universitetinin Müasir Təlim Mərkəzi universitetdə təlim və öyrənmə prosesinin keyfiyyətinin yüksəldilməsi, müasir təhsil texnologiyalarının və innovativ yanaşmaların tətbiqinin genişləndirilməsi, eləcə də tədris və tədqiqat proseslərinə dəstək göstərilməsi məqsədilə fəaliyyət göstərən struktur bölmədir.
Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri universitetdə təlim və öyrənmə mühitinin təkmilləşdirilməsi, akademik və peşəkar bacarıqların inkişaf etdirilməsi, təhsil prosesində müasir metod və texnologiyalardan istifadənin təşviq olunmasıdır. Mərkəz öz fəaliyyətini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, təhsil sahəsində qəbul edilmiş normativ-hüquqi sənədlərə, Gəncə Dövlət Universitetinin Nizamnaməsinə, rektorun əmr və göstərişlərinə, habelə Mərkəzin Əsasnaməsinə uyğun olaraq həyata keçirir.

Fəaliyyət istiqamətləri çərçivəsində Mərkəz universitetin digər struktur bölmələri, dövlət və özəl qurumlar, elm və təhsil müəssisələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilməsinə, innovasiyaların tətbiqinə və qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsinə xidmət edir.



Müasir təlim mərkəzinin müdiri

Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Kubışov İlqar Nadir oğlu


1971-ci ildə Gəncə şəhəri, ziyalı ailəsində anadan olmuşdur. 1988-1993-cü illərdə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) təhsil almışdır. Əmək fəaliyyətinə 1996-cı ildən Gəncə Dövlət Universitetinin Tədris şöbəsində (indiki Tədris Departamenti) dispetçer vəzifəsindən başlamışdır. 1997-2006-cı illər ərzində tədris məsələləri üzrə prorektorun köməkçisi vəzifəsində, 2006-2012-ci illərdə rektorun köməkçisi, 2012-2015-ci illərdə rektorun məsləhətçisi və 2015-2022-ci illərdə isə rektorun müşaviri vəzifəsində çalışmışdır.
Sonrakı 2022-2023-cü illərdə Qiyabi təhsil şöbəsinin müdiri, 2023-2024-cü illərdə isə bir il müddətinə GDU-nun nəzdində Regional Kollecin direktoru vəzifəsini icra etmişdir.
07.07.2025-ci il tarixdən Gəncə Dövlət Universitetində Elm və təhsil üzrə rektorun müşaviri vəzifəsində çalışmışdır. 03.08.2026-cı il tarixdə GDU-da Müasir Təlim Mərkəzinin müdiri vəzifəsinə təyin olunmuşdur.
İlqar Nadir oğlu Kubışov 2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarına əsasən riyaziyyat üzrə fəlsəfə doktoru, 2016-ci ildə isə dosentlik attestatına layiq görülmüşdür.
İ.N.Kubışov 52 elmi məqalə, 14 tezis, 11 fənn proqramı və 1 dərsliyin müəllifidir.
Dəfələrlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə Dövlət Universiteti rəhbərliyinin “Təşəkkür” və “Fəxri fərman”ları ilə təltif olunmuşdur.
31.10.2018-ci il tarixində isə İlqar Nadir oğlu Kubışov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən “Tərəqqi” medalına layiq görülmüşdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.