GDU-da Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Gəncə Dövlət Universitetində (GDU) Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Yeni Azərbaycan Partiyasının yaranma tarixinə, keçdiyi inkişaf yoluna və ölkənin ictimai-siyasi həyatındakı mühüm roluna toxunub.

Prorektor qeyd edib ki, 1992-ci il noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası mürəkkəb ictimai-siyasi şəraitdə Azərbaycanın gələcəyinə inamın, milli həmrəyliyin və güclü dövlətçilik ideyasının təcəssümü kimi meydana gəlib. Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli rəhbərliyi sayəsində ölkədə siyasi sabitliyin əsası qoyulub, müstəqil dövlətçilik ənənələri möhkəmləndirilib. O da bildirilib ki, Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs 2003-cü ildən etibarən Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə qazandığı nailiyyətlər, 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər və 2023-cü ildə dövlət suverenliyimizin ölkəmizin bütün ərazilərində tam bərpa olunması müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindəndir.

Tədbirdə GDU-nun Ümumi tarix kafedrasının müdiri Etibar Musayev “YAP: Milli birlik, siyasi sabitlik və davamlı inkişafın təminatçısı”, Botanika kafedrasının dosenti Ramidə Quliyeva “Yeni Azərbaycan Partiyasının gənclərin inkişafında rolu”, Azərbaycan dili kafedrasının baş müəllimi Günay Hüseynova isə “Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti” mövzularında məruzələrlə çıxış ediblər.

Çıxışlarda Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında rolu, milli dövlətçilik ənənələrinin qorunması, gənclərin vətənpərvərlik ruhunda formalaşması, eləcə də Azərbaycan dilinin inkişafı və qorunması istiqamətində həyata keçirilən siyasətin əhəmiyyəti geniş şəkildə şərh olunub.

Diqqətə çatdırılıb ki, bu gün qalib və suveren Azərbaycan öz inkişaf yolunu inamla davam etdirir. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı uğurla icra olunur. Yeni Azərbaycan Partiyası 34 illik fəaliyyəti ərzində milli birlik, dövlətçilik və tərəqqi naminə fəaliyyətini ardıcıl şəkildə davam etdirir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti