Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini irəli sürməsi ilə bağlı təqdimat keçirilib

Sentyabrın 26-da Gəncə Dövlət Universitetində Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə (World Expo 2025) ev sahibliyinə namizədliyini irəli sürməsi ilə bağlı “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunda təqdimat keçirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbirdə Təhsil nazirliyinin nümayəndəsi, “Sabah” qruplarının rəhbəri Şahin Seyidzadə layihə haqqında məlumat verib, Gənclər və İdman nazirliyi, Beynəlxalq standartların tətbiqi bölməsinin müdiri, EXPO Səhiyyə mövzusunun eksperti Məryəm Qafarzadə “EXPO layihəsi, səhiyyənin gələcəyi” mövzusunda, Təhsil nazirliyinin sektor müdiri, EXPO təhsil mövzusunun eksperti Cəsarət Valehli “Təhsilin gələcəyi” mövzusunda, Əmək və əhalinin sosial müdafiəsi nazirliyi, Məşğulluq mövzusunun eksperti Rəna Abdullayeva “Məşğulluğun gələcəyi” mövzularında geniş təqdimatla çıxış ediblər.

Tədbirdə Azərbaycanın “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyini irəli sürməsi istiqamətində görülən işlər və atılmış addımlar barədə məlumat verilib. Bildirilib ki, may ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakının 2025-ci il Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün namizədliyinin irəli sürülməsi barədə məktubu Beynəlxalq Sərgilər Bürosuna (BSB) təqdim edilib.

“Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının namizəd şəhər olması münasibətilə 2017-ci il noyabrın 14-də Parisdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə qəbul təşkil edilib. Azərbaycanın Birinci vitse-prezidenti həmin mərasimdə 320-dən çox nümayəndə qarşısında mühüm nitqlə çıxış edib. Həmin qəbul zamanı biz ölkəmizi, onun namizədliyini, mədəniyyətimizi, mətbəximizi 160-dan çox ölkənin nümayəndələrinə təqdim etmək şansı qazanmışıq.

“Ekspo” sərgisinin digər mötəbər tədbirlərdən fərqləndiyini və Dünya sərgisinin ictimaiyyəti məlumatlandırmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyən iştirakçılar bildiriblər ki, Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsi ilə dünyanın müxtəlif ölkələrindən gələn insanlara xalqımızın qonaqpərvərliyini, füsunkar təbiətini nümayiş etdirmək imkanı qazanılacaq, həmçinin ölkə iqtisadiyyatının bir çox sektorları da dünya sərgisinə ev sahibliyi faktından bəhrələnəcək.

Azərbaycan hökuməti tərəfindən layihəyə yüksək siyasi dəstəyin göstərildiyini diqqətə çatdıran ekspertlər ölkəmizin “Ekspo” Ümumdünya Sərgisini 2025-ci ildə Bakıya gətirməyə iddialı olduğunu qeyd edərək deyiblər ki, Azərbaycan əsrlər boyu mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşib. Özünün unikal və geostrateji mövqeyi ilə ölkəmiz Şərq ilə Qərb, Şimal ilə Cənub arasında siyasi, ticari və mədəni körpü rolunu oynayır. Qədim İpək Yolu müasir Azərbaycanın ərazisindən keçir. 1991-ci ildən müstəqillik bərpa olunduqdan sonra ölkəmizdə minlərlə məktəb, səhiyyə ocaqları, idman kompleksləri tikilib, yoxsulluq və işsizlik 5 faizdən aşağı səviyyəyə düşüb. Savadlılıq 99 faizdən artıqdır. İqtisadiyyatımız 2004-cü ildən bəri 3 dəfədən çox artıb. Bakı çoxmədəniyyətli və mədəniyyətlərarası dialoqun tanınmış beynəlxalq mərkəzinə çevrilib.

Təqdimatda Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi sahəsindəki uğur və təcrübəsindən danışılıb. Qeyd edilib ki, ölkəmizin bu günədək Dünya Dini Liderlərinin Sammiti, Bakı Beynəlxalq Humanitar forumları, BMT-nin Sivilizasiyalar Alyansının VII Bakı Qlobal Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, “Bakı-2015” birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib və Azərbaycan istər siyasi, istərsə də iqtisadi müstəvidə dünya ölkələrinin etibarlı tərəfdaşına çevrilib.

Azərbaycanın Beynəlxalq Sərgilər Bürosunun tamhüquqlu üzvü olduğunu deyən ekspertlər ölkəmizin 2000-ci ildən “Ekspo” sərgilərində iştirak etdiyini xatırladıblar. Diqqətə çatdırılıb ki, 2015-ci ildə Milan şəhərində keçirilən “Ekspo” sərgisində Azərbaycanın milli pavilyonu dizayn və məzmun baxımından böyük uğurla ziyarət edilib, “Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi” adlanan pavilyonu mükafatla təltif olunub. Tədbirdə “Ekspo 2016 Antalya” Beynəlxalq Botanika Sərgisində Azərbaycan pavilyonunun eksteryer və interyer bağçası nominasiyasında 1-ci yerə, Astanada keçirilən “Ekspo 2017 – Gələcəyin enerjisi” Beynəlxalq sərgisində “Enerji Yurdu – keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanan Azərbaycan pavilyonunun “Sərgi dizaynı” nominasiyasında mükafata layiq görüldüyü qeyd edilib. Azərbaycanın Milan, Antalya və Astanada təşkil olunan ümumdünya sərgilərində yüksək səviyyədə iştirakına dövlətimiz tərəfindən göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq ifadə olunub.

Azərbaycanın siyasi cəhətdən stabil və daim inkişafda olan ölkə olduğunu bir daha vurğulayan ekspertlər ölkəmizdə 2019-cu ildə Avropa Gənclər Festivalı, 2020-ci ildə karate üzrə Avropa çempionatı və “Avro-2020” futbol yarışlarının qrup və dörddəbir final mərhələsinin oyunlarının keçiriləcəyini deyiblər. Çıxışçılar ölkəmizin avtomobil yarışlarına da uğurla ev sahibliyi etdiyini deyərək, Azərbaycan Avtomobil Federasiyasının yaxından iştirakı ilə Bakıda 2016-cı ildən Formula-1 yarışlarının təşkil olunduğunu və bu layihənin paytaxtımızda qarşıdakı illərdə də davam edəcəyini diqqətə çatdırıblar. Ekspertlər “Ekspo 2025 Bakı” layihəsinin dövlətlə yanaşı, geniş ictimaiyyət tərəfindən də dəstəkləndiyini qeyd ediblər.

Ekspertlər “Ekspo 2025 Bakı” layihəsi çərçivəsində bu günədək görülən işlər və 2018-ci ilin noyabr ayında keçiriləcək “Ekspo 2025” Ümumdünya sərgisinin ev sahibini müəyyən edəcək seçkilərə qədər atılacaq addımlar barədə məlumat veriblər. Bildirilib ki, 2017-ci ilin sentyabr ayının sonlarında Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə dair namizədlik dosyesi BSB-yə təqdim edilib. Növbəti on bir ay ərzində BSB Azərbaycan tərəfindən sərginin keçirilməsi üçün irəli sürülən mövzu və “Ekspo 2025” Ümumdünya Sərgisinin təşkili üçün hazırlanan layihə sənədi ilə yaxından tanış olacaq.

Ekspertlər “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının namizəd şəhər olması münasibətilə noyabrın 14-də Parisdə təşkil olunan qəbulda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı və çıxışını dövlətimizin bu beynəlxalq tədbirə ev sahibliyinə verdiyi böyük əhəmiyyətin təzahürü kimi qiymətləndiriblər. Noyabrın 15-də isə Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 162-ci sessiyasında Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya sərgisinə ev sahibliyi etməsi üçün təqdimat keçirildiyini bildiriblər.

“Ekspo 2025 Bakı” bütün dünyanı birləşdirəcək, önəmli müzakirələrin aparıldığı, səmərəli işin görüldüyü qlobal platforma kimi təqdim olunmalıdır. Bu ideyalar Azərbaycanın uzunmüddətli milli inkişaf strategiyası ilə uyğunluq təşkil edir. “Ekspo 2025” sərgisi üçün Azərbaycanın təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu da universal bir mövzudur və bəşəriyyət üçün aktualdır” – deyən Məryəm Qafarzadə mövzunun Azərbaycan üçün vacib və beynəlxalq inkişaf gündəliyinə, xüsusilə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olduğunu vurğulayıb. O deyib ki, Azərbaycan bütün dünyanı bir araya gətirmək istəyir. Bununla da bəşəriyyətin, insanların inkişaf imkanlarını araşdırmaq üçün mühüm məqam yaranacaq. Onun sözlərinə görə, “Ekspo 2025 Bakı” sərgisi beynəlxalq inkişaf gündəliyində duran qlobal məsələlərin müzakirəsi və bəşəriyyətin xeyrinə çıxış yollarının tapılması baxımından universal platforma rolunu oynayacaq.

Məryəm Qafarzadə BSB tərəfindən Ümumdünya Sərgisinin bu günədək Şərqi Avropa, Qafqaz və Xəzər hövzəsi regionunda keçirilmədiyini də diqqətə çatdırıb. O bildirib ki, “Ekspo 2025” sərgisinin Bakıda təşkili ilə bu beynəlxalq tədbirin keçirildiyi ənənəvi coğrafiya genişlənə bilər. Ekspert Rəna Abdullayeva sərginin Azərbaycanda yerli biznes imkanlarının artması ilə yanaşı, dünyanın aparıcı biznes şirkətlərinin də bir araya gəlməsində, yeni sərmayələrin qoyulması və biznes əlaqələrinin qurulmasında müstəsna rol oynayacağını bildirib. Vurğulanıb ki, “Ekspo 2025” Ümumdünya sərgisi son illər turistlərin böyük maraq göstərdiyi Azərbaycana daha çox qonağın gəlməsinə də müsbət təsir göstərəcək.

Cəsarət Valehli qlobal miqyasda ali təhsilin inkişafı istiqamətində dəyişən tendensiyalar və paradiqmalar mövzusunda danışıb, bu cür beynəlxalq əhəmiyyətli tədbirlərin gənclərin öz gələcəklərini qurmaq və karyeralarını inkişaf etdirmək baxımından mühüm əhəmiyyətinin olduğunu gənclərin diqqətinə çatdırıb.

Ekspertlər layihənin əsas texniki parametrləri, eyni zamanda, BSB-nin qiymətləndirmə missiyası barədə məlumat veriblər. Bildirilib ki, “Ekspo 2025 Bakı” sərgisi üçün nəzərdə tutulan ərazi Bakı şəhərinin şərq hissəsində yerləşir. Paytaxtın davamı hesab edilə biləcək bu məkanın 200 hektar ərazisi var. Ərazinin Azərbaycan Respublikasının dövlət gerbi olan səkkizbucaqlı ulduz şəklində görünəcəyi diqqətə çatdırılıb.

Ekspertlər vurğulayıblar ki, qədim tarixə, mədəniyyətə, özünəməxsus qonaqpərvərliyə malik Azərbaycanın ilk dəfə olaraq Ümumdünya Sərgisinə ev sahibliyi etməsi uğrunda mübarizəyə qoşulması ölkənin özünə inamından, bacarıq imkanlarından, siyasi və iqtisadi müstəvidə inkişafından xəbər verir. Məlumat verilib ki, noyabrın 14-dən etibarən www.bakuexpo2025.com saytı fəaliyyətə başlayıb. Saytda sərginin həyata keçirilməsi istiqamətində əsas məqamlar öz əksini tapıb.

Tədbirdə Azərbaycanın mədəniyyəti, tarixi, adət və ənənələri, dini tolerantlığı, eyni zamanda, ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlər və Azərbaycanın təklif etdiyi “Ekspo” mövzusu ilə bağlı videoçarxlar nümayiş olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − four =