“Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsinin təqdimatı olub

Təhsil Nazirliyi və UNICEF-in tərəfdaşlığı ilə “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsinin təqdimatı olub.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, Gəncə Dövlət Universitetində keçirilən təqdimatda çıxış edən ali təhsil müəssisəsinin tədris işləri üzrə prorektoru Fəxrəddin Məmmədov qonaqlara universitetin yaranma tarixi, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri haqqında məlumat verib.

Təhsil Nazirliyinin nümayəndəsi Orxan Abbasov çıxış edərək Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsinin UNICEF tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə tərəfdaşlıq şəraitində 2018–2020-ci illərdə həyata keçiriləcəyini bildirib.

Layihənin əhəmiyyətindən danışan O.Abbasov deyib ki, inklüziv təhsil modullarının milli pedaqoji təhsil proqramına daxil edilməsi ilkin pedaqoji təhsil və ixtisasartırma təhsili alan müəllimlərin bu təhsil sahəsində biliklərini, potensialını artıracaq. Bu da müəllimlərin bacarıqlarını və verilən təhsilin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

UNICEF–in Azərbaycanda təhsil üzrə mütəxəssisi Leyla Həsənova çıxışında qeyd edib ki, UNICEF Azərbaycanda yaşayan uşaqların həyatını yaxşılaşdırmaq məqsədi ilə 1993-cü ildən etibarən yerli QHT-lər və icma təşkilatları ilə tərəfdaşlıq edir. UNICEF-in rolu ölkədə müşahidə olunan sürətli inkişaf tempinə uyğun olaraq artır. Əgər əvvəllər UNICEF-in fəaliyyəti birbaşa yardım vasitəsilə bir neçə min uşağı əhatə edirdisə, bu gün təşkilatın əsas məqsədi sistematik dəyişiklikləri təmin etmək və bütün Azərbaycan uşaqlarının həyatına təsir etməkdir. Leyla Həsənova Azərbaycanın uşaq və gənclər siyasəti sahəsində əsaslı irəliləyişlərə imza atdığını qeyd edərək, BMT-nin Uşaq Fondunun praktiki əsasda Azərbaycan tərəfi ilə qurulmuş əməkdaşlıqdan məmnun olduğunu söyləyib. O, BMT-nin Uşaq Fondunun ölkə üzrə 2016–2020-ci illəri əhatə edən proqramının qəbul olunmasının gələcək əməkdaşlıq üçün yeni perspektivlər açdığını da diqqətə çatdırıb.

Universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və pedaqoji fakültənin ümumi pedaqogika kafedrasının müəllimi Lamiyə Nağıyeva layihə haqqında təkliflərini bildiriblər.

UNICEF tərəfindən bütün dünyada uşaqların vəziyyətinin yaxşılaşdırılması naminə aparılan fəaliyyətdən söhbət açan çıxışçılar bildiriblər ki, uşaqların rifahı, sağlamlığı və təhsilinin təmin edilməsi istiqamətində görülən işlər yüksək qiymətləndirilir. Bu gün, ümumiyyətlə, təhsildən, gənc nəsildən, uşaqlarımızdan danışırıqsa, demək ki, ölkəmizin gələcəyindən danışırıq. Çünki Azərbaycanın sabahını, gələcəyini bu uşaqlar təmin edəcəklər. Bu gün Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın təşəbbüsləri ilə Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində görülmüş işlər təqdirəlayiqdir. Belə ki, Prezident İlham Əliyevin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə təsdiqlənmiş “2018-2024-ci illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrası buna əyani sübutdur. Bu istiqamətdə Gəncə Dövlət Universitetində də əlil tələbələr üçün xüsusi şərait yaradılıb. Əlilliyi olan tələbələr üçün mərkəz təşkil olunub. Mərkəz müasir avadanlıqlarla təmin edilib.

Görüşdə Gəncə Dövlət Universiteti ilə UNICEF arasındakı əməkdaşlığın uğurla davam etdiriləcəyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 14 =