ƏMƏKDAŞLARIMIZ BDU-DA BEYNƏLXALQ SEMİNARDA
Bakı Dövlət Universitetində “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” TEMPUS UNİVİA layihəsinin növbəti seminarı keçirilmişdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin koordinatorluq etdiyi seminarda Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetinin nümayəndələri iştikar etmişlər. 2014-cü ildən icra olunan layihə çərçivəsində Beynəlxalq əlaqələr departamentinin əməkdaşları Avropanın müxtəlif universitetlərində seminarlarda iştirak edib, həmin universitetlərin Beynəlxalq əlaqələr departamentlərinin strukturu, iş mexanizmi, iştirak etdiyi layihələr və s. məsələlər ilə yaxından tanış olmuşlar. Baş tutan tədbir layihə çərçivəsində İspaniyanın Santiago de Compostela Universitetində təşkil olunmuş seminarın nəticələrinə həsr olunub. Səfər zamanı tərəfdaş universitetlərin nümayəndələri İspaniyanın ən qədim universitetlədən biri olan Santiago de Compostela Universitetinin strukturu, beynəlxalq əlaqələr ofisi, aparılan tədqiqatlar, iştirak etdiyi layihələr, biznes inkubatorları haqqında ətraflı məlumat əldə etmişlər.
Tempus UNİVİA layihənin əsas məqsədləri partnyor universitetlərdə Avropa təcrübəsinə və öz ənənələrinə əsaslanan beynəlxalq əlaqələr ofislərinin mexanizminin təsis edilməsi, əcnəbi tələbə-müəllimlərin cəlb edilməsi ilə beynəlxalq təhsil mühitinin yaradılması, dünya universitetlərinin reytinq siyahılarına daxil olması və beynəlxalq əlaqələr ofislərinin strategiyalarının müasirləşdirilməsindən ibarətdir.
Seminarın ilk günündə Avropa Komissiyasının rəsmi qurumu olan “Erasmus Plus” milli ofisi tərəfindən layihənin monitorinqi aparılmışdır. Gəncə Dövlət Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və Praktik xarici dillər kafedrasının müəllimi Vüsalə İbrahimova da bu seminarda iştirak etmişlər. Ruslan Məmmədov yerli tərəfdaş kimi əməkdaşı olduğu universitetdə aparılan islahatlar haqqında dövrü hesabatla çıxış etmiş və hesabatı layihə koordinatorluğu tərəfindən müsbət qarşılanmışdır.