2020/2021-Cİ TƏDRİS İLİNİN PAYIZ İMTAHAN SESSİYASINA HAZIRLIQ HAQQINDA
Tələbələrin nəzərinə!
(Bakalavriat səviyyəsində Qiyabi formada təhsilalanlar üçün)
Qiyabi şöbənin I kurs tələbələri internet üzərindən test imtahanları zamanı əvvəlcədən aşağıdakı hazırlıqları görməlidirlər:
Ağ vərəqdə (dəftər vərəqi də ola bilər) fakültənin adını, ixtisasın adını, kursu, qrupu, imtahan verdiyi fənnin adını, öz adı və soyadını, imtahanın verildiyi tarixi qeyd etməlidir.
Nümunə
Qiyabi şöbə, Tarix müəllimliyi ixtisası
1-ci kurs, qrup 1, Fənn – Azərbaycan tarixi
Məmmədov Qulu Ramiz oğlu 14.12.2020
Tələbəyə hər bir fənn üzrə 50 test sualı təqdim edilir. Hər bir testdə biri düz olmaqla, A)….., B)……, C)……., D)……. E)….. kimi işarələnmiş 5 cavab verilir. Tələbə testin nömrəsini və qarşısındakı düzgün variantı qeyd etməlidir.
Məsələn, 20-B yəni 20-ci testin düz cavabı B variantında verilmişdir.
Tələbə vaxt itirməməsi üçün vərəqdə əvvəlcədən 1-dən 50-yə qədər testlərin nömrəsini 5 sütunda (birinci sütunda 1-10-a, ikinci sütunda 11-20–yə, üçüncü sütunda 21-30-a, dördüncü sütunda 31-40-a, beşinci sütunda 41-50-yə) nümunədə göstərildiyi kimi yazmalı, imtahan vaxtı isə testin nömrəsinin qarşısında düzgün variantı qeyd etməlidir.
Tələbə testin cavabını bilmədikdə bu cavabı qeyd etməyə bilər. İmtahan başlayana qədər tələbə aşağıdakıları qeyd etməlidir.
NÜMUNƏ
Qiyabi şöbə. Tarix müəllimliyi ixtisası 2-ci kurs, 1-ci qrup
Fənn: Azərbaycan tarixi
Məmmədov Qulu Ramiz oğlu 14.12.2020
Tələbənin imtahandan əvvəl hər bir fənn üçün yaratdığı bu vərəqi cavab kartı adlandıracağıq. Cavab kartında testlərin nömrələnməsi yuxarıda olduğu kimi göstərilməlidir.
Bütün məlumatları tələbə diyircəkli qələm (ruçka) ilə yazmalıdır.
Düz cavaba uyğun variant (A, B, C, D, E) böyük hərflə aydın yazılmalıdır. Qaralama olmamalıdır. Məsələn, 21-A, 43-C, 32- E, 45-D və sair.
Əgər hər hansı testin cavabında variant səhv yazılıbsa (imkan daxilində olmasın) həmin variantın üstündən xətt (X) çəkilməli və variant yenidən yazılmalıdır. Məsələn,
28-A -B
İmtahana 1 (bir) saat vaxt verilir. İmtahan üçün tərtib olunmuş testlər imtahanın başlanmasına 10-15 dəqiqə qalmış WhatsApp-da yaradılmış qrupda yerləşdirilir. Bunun üçün tyutorlar sizinlə əlaqə saxlayıb sizin telefon nömrənizi (WhatsApp-a qoşulmuş öz nömrəniz və ya ailə üzvlərindən birinin nömrəsi ola bilər) alıb sizi qrupa qoşacaqlar. WhatsApp mühitindən istifadə sadə və hamı üçün əlçatan olduğundan imtahan prosesi bu mühitdə təşkil olunur.
İmtahanın başlanma vaxtı imtahan cədvəlində göstəriləcək.
Bütün imtahanlar saat 10.00-da başlayır.
Bir saat ərzində testin cavabları müəyyənləşdirilməli, əvvəlcədən hazırlanmış cavab kartı üzərində qeyd edilməli, telefonla cavab kartının şəkli çəkilməli və şəklin telefonda çəkilmiş (cavab kartını çəkən zaman diqqətli olmalı, informasiyanın düzgün əks olunmasına fikir verilməlidir) surəti imtahanın bitməsinə 15 dəqiqə qalmış WhatsApp -da yaradılmış qrupa qoyulmalıdır.
Tələbənin göndərdiyi cavab kartının WhatsApp qrupuna qoyulma vaxtı (saat, dəqiqə və saniyə) sistem tərəfindən qeydə alınır.
Cavab kartının surətinin WhatsApp qrupuna qoyulma vaxtı: 1045-dən 1100-dək
Bir saat tamam olduqdan sonra WhatsApp qrupuna göndərilən cavab kartını sistem qəbul etməyəcək.
Sizin göndərdiyiniz cavab kartı olduğu kimi çap olunur, hər bir testin nömrəsinin qarşısında qeyd etdiyiniz cavab variantının yanında düzgün olduğunu bildirən ( + ) işarəsi qoyulur, ümumi bal hesablanır, cavab kartında qeyd olunur, cavab kartının şəkli çəkilir, sizin cavablarınızla tanış olmağınız üçün WhatsApp -da yaradılan qrupa qoyulur. Sizin göndərdiyiniz cavab kartı və sizə göndərilən nəticəni əks etdirən cavab kartı olduğu kimi yaddaşda və çap variantı isə fakültə dekanlığında saxlanılır .
İmtahanda iştirak etmək məcburidir. Üzrlü və ya üzürsüz səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti dəfə imtahan verərkən güzəştlərdən yararlana bilməyəcək.
Təhsil haqqı borcu olan tələbələr imtahana buraxılmayacaq. Belə tələbələr və imtahanlardan müvəffəq qiymət almayan tələbələr üçün imtahan təşkil olunacaq. Yeni imtahan keçirilməsi barədə (imtahanın keçirilmə vaxtı, imtahanın forması və imtahan sualları yenidən işlənməklə) əlavə məlumat veriləcək.
İmtahanlar online keçiriləcək. Mobil telefonunuzun elektrik enerjisi ilə dolu və internetə çıxışının olması vacibdir.
İmtahan cədvəli və fənlər üzrə test sualları 20.12.2020 tarixədək Qiyabi şöbənin saytında yerləşdiriləcək.
Test suallarının bir hissəsində düz cavab göstərilmişdir (tələbəyə imtahanda bu testlərdən 30 sual), yerdə qalan testlərdə isə cavablar qarışıq formadadır (tələbəyə imtahanda bu sallardan 20 test tərtib olunacaq).
Tələbə testlər ilə tanış olduqdan sonra çətinlik çəkdiyi mövzu haqqında online dərslərin təşkili üçün dekanlığa müraciət edərək fənn müəllimindən məsləhət ala bilər.
QEYD! Suallarla əvvəlcədən tanış olub araşdırmaq lazımdır. Suallarda yarana bilən texniki və ya elmi səhvlər barədə 23 dekabr 2020-ci il tarixə qədər WhatsApp qrup rəhbərinə məlumat verilməlidir. İmtahan günü heç bir irad qəbul edilməyəcək.
Tələbəyə cavablandırdığı düzgün testlərin sayı qədər bal verilir (bir düzgün cavablandırılan testə görə 1 bal verilir). Testlərdən toplanan bala görə aşağıdakı qayda üzrə yekun imtahan balı hesablanır.
17, 18, 19 düzgün cavaba görə 51 bal
20, 21 düzgün cavaba görə 52 bal
22, 23 düzgün cavaba görə 53 bal
24, 25 düzgün cavaba görə 55 bal
26 düzgün cavaba görə 57 bal
27 düzgün cavaba görə 58 bal
28 düzgün cavaba görə 59 bal
29 düzgün cavaba görə 60 bal
30 düzgün cavaba görə 61 bal
Düzgün cavabların sayı 31 və ondan çox olduqda 2-yə vurulmaqla yekun imtahan balı hesablanır. Məsələn, Tələbə imtahanda 39 testə düzgün cavab veribsə, onun yekun imtahan balı 39×2=78 bal götürülür.
Tələbə imtahan qiymətindən narazı olduğu halda (tələbənin cavab blankı yoxlanılıb nəticə ona elan olunduqdan sonra) hansı nömrəli testin cavabının düzgün olmadığını qeyd etməkləWhatsApp-dan istifadə etməklə universitet rektorunun adına aşağıdakı məzmunda ərizə ilə müraciət etməlidir.
N Ü M U N Ə
Gəncə Dövlət Univeritetinin rektoru prof. Y.Ə. Yusibova
Qiyabi şöbənin Tarix ixtisasının 1-ci kurs 1-ci qrup tələbəsi Şeyxzamanlı Tomris Comərd qızından
ƏRİZƏ
XX.XX.2020 tarixində “fənnin adı” fənnindən imtahan vermişəm və xx bal toplamışam. N1, N2-ci testlərdə mənim qeyd etdiyim cavablara görə bal verilməyib. Mənim cavabım düzgündür. Mənim cavablarımın yenidən yoxlanmasını Sizdən xahiş edirəm.
İmza ……
Tarix: . .. . .
REKTORLUQ