27 Sentyabr – Anım Günü Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir

    Gəncə Dövlət Universitetinin Kimya və biologiya fakültəsində  27 Sentyabr Anım Günü ilə bağlı tədbir keçirilib.

   Tədbir iştirakçıları  əvvəlcə Universitetin baş binasında şəhidlərə həsr edilmiş Xatirə guşəsi önünə gül dəstələri düzüblər.

    Daha sonra GDU-nun məzunu, şəhid Səməndər İmanovun adına auditoriyada keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

    Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən və xalqımızın həmrəyliyindən danışıb.

   Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxışında qeyd edib ki, Qarabağ  Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanıldı.

  Kimya və biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev bildirib ki,  Şanlı Zəfərimiz sayəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə dalğalanır. İşğal dövründə viran qoyulmuş torpaqlarımıza yeni həyat gəlir. Məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına yönələn nəhəng layihələr həyata keçirilir.    

  Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova  haqq savaşımızda şəhidlik zirvəsinə ucalan igid Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını vurğulayıb. 

Tədbirin bədii hissəsində tələbələr  şerlər söyləyiblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti