27 Sentyabr – Anım Gününə həsr edilən “Zəfər yolu” adlı tədbir keçirilib
Gəncə Dövlət Universitetinin Filologiya və Xarici dillər fakültələrinin birgə təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 Sentyabr – Anım Gününə həsr edilmiş “Zəfər yolu” adlı tədbir keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və 27 Sentyabr – Anım Günü ilə bağlı videoçarx nümayiş olunub.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək bildirib ki, 2020-ci ilin 27 sentyabrı böyük Zəfərə gedən yolun başlanğıc nöqtəsi kimi tarixə yazıldı. Həmin gündən Vətən Savaşının qələbə dolu əks-sədası eşidildi. Dünyadakı bəzi güc mərkəzləri və ermənipərəst dövlətləri otuz ildən artıq müddətdə Qarabağ münaqişəsinin həllinə mane olsalar da, Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, Müzəffər Ordumuzun misilsiz qəhrəmanlığı və xalqımızın birliyi sayəsində Qarabağ işğaldan azad olundu. Ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Şanlı Zəfərimiz sayəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə dalğalanır.
Daha sonra Filologiya fakültəsinin dekanı Zakir Ələsgərov “Qələbəyə gedən yolun başlanğıcı” və Rus dili kafedrasının müdiri Kəmalə Əhmədova “Zəfər tariximizin qəhrəmanları” mövzularında çıxış ediblər.
Tədbirdə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı uğurlardan, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən abadlıq və quruculuq işlərindən bəhs olunub.
Tədbirin davamında Filologiya fakültəsinin I kurs tələbəsi Fidan Ağayeva “Qarabağ azaddır”, III kurs tələbəsi Amin Həsənov “Şəhidlər”, Filologiya fakültəsinin I kurs tələbəsi Günay Sadıqova ” Biz qayıtmışıq” şeirlərini səsləndiriblər. Xarici dillər fakültəsinin tələbələri şəhidlərə həsr edilmiş “Zirvəyə ucalanlar” kompozisiyasını nümayiş etdiriblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti