28 May – Müstəqilliyimizin şərəf tarixidir
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir.
İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır.
Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olunmuşdur. Milli ordu qurulmuş və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edilmişdir. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qısa zaman kəsiyində ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyinin təmin edilməsi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələrin yaradılması, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanlarının qurulması, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilməsi, təhsilin milliləşdirilməsi kimi müstəsna əhəmiyyətli işlər həyata keçirilmişdir. Mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq kimi sahələrdə həyata keçirdiyi işlər Azərbaycan tarixinin parlaq səhifəsidir.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir.
Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.
Bu gün ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.
Ölkə başçısı Cənab İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur.
2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanunla 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti