31 MART XALQIMIZA QARŞI TÖRƏDİLMİŞ SOYQIRIM QANLI TERROR AKTIDIR

Martın 29-da Gəncə Dövlət Universitetində (GDU) şəhər icra hakimiyyəti ilə birgə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan “31 mart soyqırımını unutmadıq və unutdurmadıq” mövzusunda tədbir təşkil olunub.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti  xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Soyqırımla bağlı video çarx izlənilib.

GDU-nun rektoru, professor Yusif Yusibov ermənilər tərəfindən Azərbaycan xalqına qarşı yüz illər boyu həyata keçirilən soyqırımı və deportasiya siyasətinin mahiyyəti, tarixi kökləri barədə danışıb. Bildirib ki, “yazıq millət” pərdəsi arxasında tarixi torpaqlarımızda “böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər çirkin niyyətlərinin həyata keçməsi üçün ən qanlı hadisələrə, terrora, qırğınlara imza atıblar. Mərhələ-mərhələ həyata keçirilən bu siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi şəkildə qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni viran edilib. 1905-1907, 1918-1920, 1948-1952 və 1988-1994-cü illərdə xalqımıza qarşı soyqırımı siyasəti aparılaraq kütləvi qətliamlar, görünməmiş vəhşiliklər törədilib.

Bildirilib ki,1918-1920-ci illərdə erməni-bolşevik birləşmələri tərəfindən türk-müsəlman əhalisinin kütləvi şəkildə qəddarlıqla məhv edilməsi hadisə, faciə deyil, bir millətə qarşı soyqırımdır.1918-ci il martın 31-də baş verən qətliam yurdumuzda zaman-zaman ermənilər tərəfindən törədilən mənfurluğun, vandalizmin, faciənin növbəti nümunəsi kimi yaddaşımıza həkk olunub. Qırğınların davam etdiyi müddətdə saysız-hesabsız insan, təkcə Bakı və ətraf kəndlərdə 30 minə yaxın soydaşımız məhz milli mənsubiyyətinə görə amansızcasına öldürülüb. Mart qırğınları zamanı ermənilər hətta qədim binaları, ziyarətgahları, Azərbaycan və dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Azərbaycanlılara qarşı soyqırımı Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda daha genişmiqyaslı olub.

Ermənilərin azərbaycanlılara qarşı yönəldilmiş bu məkrli siyasəti sovet hakimiyyəti illərində də davam etdirilib, Zəngəzur və digər ərazilər Ermənistana verilib, 1948-1952-ci illərdə azərbaycanlılar öz dədə-baba torpaqlarından deportasiya olunublar. Ötən əsrin sonlarında, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda həyata keçirilən növbəti qətliamlar və işğal nəticəsində minlərlə azərbaycanlı öldürülüb, bir milyondan çox soydaşımız doğma torpaqlarından didərgin düşüb, ərazilərimizin 20 faizi işğal edilib.

Rektor qeyd edib ki, xalqımızın başına gətirilən soyqırımı hadisələri barədə həqiqətlər yalnız ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində üzə çıxarılıb, bu dəhşətli faciələrə hüquqi-siyasi qiymət verilib.

Bu hadisələrdən 80 il sonra – 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında həmin dəhşətli hadisələrə siyasi qiymət verilərək 31 mart -Azərbaycanlıların Soyqırımı Günü elan olunub.

Çıxış edən məruzəçilər bir daha diqqətə çatdırıblar ki, 1918-ci ilin yazında Bakı, Şamaxı, Quba, Qarabağ, Lənkəran, Gəncə, Zəngəzur və digər bölgələrdə ermənilər, o cümlədən bolşevik maskası altında çirkin daşnak siyasəti yürüdən Stepan Şaumyan və onun əlaltıları azərbaycanlılara qarşı vəhşiliklər törətmiş, 70 mindən artıq günahsız əhalini xüsusi amansızlıqla qətlə yetirmiş, kəndləri viranəyə çevirib sakinləri yurd-yuvalarından didərgin salmışlar. Erməni silahlı dəstələri Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kəndi yerlə-yeksan etmişlər. 1918-20-ci illərdə daşnaklar Qərbi Azərbaycanda 565 min azərbaycanlını görünməmiş vəhşiliklə qətlə yetirmişlər. 

Bildirilib ki, erməni millətçiləri xaricdəki erməni diasporunun və böyük dövlətlərdəki erməni lobbisinin imkanlarından istifadə edərək, “əzabkeş, məzlum erməni milləti” obrazı yaratmaqda davam edir, azərbaycanlılara və türklərə qarşı törətdikləri soyqırımları haqqında həqiqətləri gizlətməyə, dünya ictimaiyyətinin diqqətini Azərbaycan torpaqlarının işğalı faktından yayındırmağa çalışırlar. Lakin unutmasınlar ki, onların dəhşətli əməlləri bəşəriyyətə qarşı cinayət kimi hüquqi-siyasi qiymətini almalıdır.

Aradan uzun illər keçsə də, o qanlı-qadalı hadisələr unudulmur, əksinə, xalqımızın qan yaddaşında silinməz izlər buraxıb.