“4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin bağlanış mərasimi keçirilib
9 oktyabr 2024-cü il tarixində Bakı Marriott Hoteldə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) və ABŞ-nin “Coursera” şirkəti tərəfindən birgə həyata keçirilən “4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin başa çatması ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Gəncə Dövlət Universitetini KeyfiyyətinTəminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov təmsil edib.
“4Sİ Akademiyası” ölkədə dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına töhfə verməkdədir. Layihə müddətində 1 il ərzində 10 min nəfər “Coursera” onlayn təhsil platformasında 4Sİ texnologiyaları, süni intellekt, data analitikası, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, liderlik, kommunikasiya bacarıqları daxil olmaqla ümumilikdə 800-ə yaxın kursdan ödənişsiz yararlanıb. İştirakçılar 32 min saatdan çox videomühazirələrə qatılıblar, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4300 beynəlxalq sertifikat əldə ediblər.
Bildirilib ki, “4Sİ Akademiyası” layihəsi “Milli Proqram” şəklində davam etdiriləcək. Bu dəfə proqram 200 min vətəndaşı, o cümlədən “Coursera” platformasında təqdim olunan 8 min kursun hamısını əhatə edəcək. Yalnız ingilis dilində kursların təqdim olunduğu pilot layihədən fərqli olaraq, “Milli Proqram” çərçivəsində bütün kurslar Azərbaycan dilində altyazı ilə müşayiət olunacaq. Daha çox tələbatın olduğu 20 kurs isə süni intellekt vasitəsilə Azərbaycan dilində səsləndiriləcək.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti