8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibəti ilə GDU-da tədbir keçirilib

Gəncə Dövlət Universitetində “Qələbə bizimdir!” adlı tədbir keçirilib.

Tədbirdə Universitetin rektoru Yusif Yusibov,  YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov, millət vəkili, GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinin rəisi Yusif Əhmədov,  Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinin rəisi İlkin Məmmədov, Vətən müharibəsi qaziləri, şəhid ailə üzvləri, ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Əvvəlcə universitetin foyesində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin büstü və şəhidlərə həsr edilmiş Xatirə guşəsi önünə gül dəstələri düzülüb.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə  torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov 8 Noyabr-Zəfər Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib və Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müdrik rəhbərliyilə Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən və xalqımızın həmrəyliyindən danışıb. Rektor  bildirib ki, torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnən 44 günlük  Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycanın iftixar və qürur mənbəyinə çevrildi. Xalqımız və rəşadətli Ordumuz Şanlı tarix yazaraq 44 gündə 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Qarabağ  Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanıldı. Bu möhtəşəm Qələbə, eyni zamanda, Prezident-Xalq birliyinin təntənəsi oldu, Azərbaycan hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi. Hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsi Ordumuzun haqq işi uğrunda ədalətli savaşının nümayişinə çevrildi. Rektor Yusif Yusibov onu da vurğulayıb ki, Gəncə Dövlət Universitetinin əməkdaşları və tələbələri də 44 günlük Vətən müharibəsinin ilk anlarından könüllü olaraq cəbhəyə gedib,  torpaqlarımızın yağı düşməndən azad olunmasında fəallıqla iştirak ediblər.

Onların sırasında şəhidlik zirvəzinə ucalanlar, eləcə də qazilər var.

Şanlı Zəfərimiz sayəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə dalğalanır. İşğal dövründə viran qoyulmuş torpaqlarımıza yeni həyat gəlir. Məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasına yönələn nəhəng layihələr həyata keçirilir.    

Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov  çıxışında vurğulayıb ki, II Qarabağ Müharibəsi dövründə  Gəncə çətin günlər yaşasa da, raket atəşi nəticəsində  mülki əhali arasında şəhidlər olsa da şəhər sakinləri heç nədən qorxmadılar və həmrəylik nümayiş etdirərək Prezident İlham Əliyevin ətrafında sıx birləşdilər.  Yadigar Bədəlov onu da bildirib ki, etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarının II Qarabağ Müharibəsində  həmrəyliyi haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir.

Tədbirdə çıxış edən YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov bildirib ki, Milli Ordumuz cəmi 44 gün ərzində ən müasir döyüş silahlarını tətbiq etməklə yüksək peşəkarlıq nümayiş etdirdi. Ermənistan ordusunda on mindən çox əsgər fərarilik etdiyi halda, Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də fərari olmadı. II Qarabağ Müharibəsində Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir.

GDU-nun məzunu şəhid Rəşad Məmmədovun anası Rəfiqə Süleymanova, şəhid Səməndər İmanovun atası İsaxan İmanov, Vətən müharibəsi iştirakçısı İsmət Budaqov ölkəmizin şanlı tarixinə qəhrəmanlıq səhifələri yazan qorxmaz igidlərdən qürurla danışıblar. Canını fəda edən qəhrəmanlarımızın qanının yerdə qalmadığını, torpaqlarımızın işğaldan azad edildiyinin fərəhini yaşadıqlarını dilə gətiriblər.

Çıxış edənlər  şəhid ailə üzvlərinə, müharibə iştirakçılarına, qazilərə göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Həmçinin,  ali təhsil ocağında yüksək ixtisaslı kadr hazırlığı ilə yanaşı,  gənclərin  vətənpərvər ruhunda yetişdirilməsinə önəm verən, daim qazi və şəhid ailələrinin yanında olan univseritet rəhbərliyinə təşəkkür ediblər.

8 Noyabr- Zəfər Gününə həsr edilən tədbir Musiqi fənləri kafedrasının tələbələrinin vətənpərvərlik ruhunda hazırladığı musiqili, ədəbi-bədii proqramla davam edib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti