UNİVERSİTETDƏ ƏHMƏD CAVADIN 130 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ SEMİNAR KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetinin filologiya fakultəsində Tələbə Elmi Cəmiyyətin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr edilmiş elmi seminar keçirilmişdir.

Seminarda Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Vətən Müharibəsində Şəhid olmuş övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Seminarı giriş sözü ilə universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açaraq Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın həyat və yaradıcılığından bəhs edən maraqlı fikirlər səsləndirmişdir. Diqqətə çatdırmışdır ki, keçən əsrin 30-cu illərində bütün sovetlər ölkəsini bürüyən, lakin ölkəımizdə misli görünməmiş dərəcəyə çatdırılmış repressiyanın saysız-hesabsız qurbanlarından biri də Əhməd Cavad olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən məşhur şairi olan Ə.Cavadın şəxsi və sənət taleyi uzun müddət xalqdan gizlədilmişdir. Lakin zaman keçdikcə mənsub olduğu dövrün sənətkarları arasında öz həqiqi yerini tutmağa, qiymətini almağa başlayır, onun əsərləri toplanıb nəşr olunur, haqqında elmi məqalə və monoqrafiyalar yazılır, orta və ali məktəb dərsliklərində həyat və yaradıcılığı öyrənilir.

Sonra söz universitetin elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadəyə verilmişdir. P.Kərimzadə demişdir ki, xalqımızın milli istiqlal mübarizəsinə böyük töhfələr vermiş vətənpərvər şair Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünün qeyd olunması barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam böyük sənətkarın idealına, məsləkinə, qiymətli və zəngin çoxşaxəli yaradıcılığına dərindən bələd olmaq baxımından olduqca qiymətlidir. Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir.

Seminarda Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimləri Aygün Əhmədovanın “İstiqlal şairi”, Vüsal İsgəndərovun “Əhməd Cavad və Azərbaycan poeziyası” mövzularında məruzələri dinlənilmişdir.

Tədbirdə universitetin filologiya fakultəsinin tələbəsi Günel Məhərrəmovanın ifasında Əhməd Cavadın “Susmaram” şeiri səsləndirildikdən sonra fakultənin ikinci kurs tələbələri-Nəzrin və İlhamə Hüseynovalar, Seyhun Rzayev və Mahnurə Məmmədova müxtəlif mövzularda çıxışlar etmişlər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.