Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb ədəbi əlaqələrini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir
Görkəmli şərqşünas-alim, professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elminin inkişafında böyük xidmətlər göstərib, onu respublikamızdan kənarda layiqincə təmsil edib. Dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər ona nəinki keçmiş Sovet İttifaqında, hətta bir çox xarici ölkələrdə geniş şöhrət qazandırıb. Aida xanım bu gün də şərqşünas-alim, təcrübəli pedaqoq, ziyalı xanım, xeyirxah insan, fədakar ana olaraq xatırlanır.
Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakı şəhərindəki 132 nömrəli orta məktəbi qızıl medalla bitirib. 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsində təhsil almış Aida İmanquliyeva bu ali məktəbin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasında aspirant olub, həmçinin keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında oxuyub. 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlayıb. O, istedadı, zəhmətsevərliyi sayəsində kiçik elmi işçidən şöbə müdiri, elmi işlər üzrə direktor müavini və direktor vəzifəsinədək yüksəlib.
Aida İmanquliyeva 1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edib və çox keçmədən professor elmi adı alıb. Aida xanım Azərbaycanda elmlər doktoru elmi dərəcəsi almış ilk şərqşünas qadın alimdir. Üç fundamental monoqrafiyanın (“Mixail Nüaymə və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri”) və 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva ərəb ədəbiyyatının bir sıra korifeylərinin yaradıcılığını tamamilə yeni rakursdan araşdıraraq onları Azərbaycan ədəbi ictimaiyyətinə tanıdıb. Bununla da o, elmi və ədəbi xəzinəmizi daha da zənginləşdirib. Aida İmanquliyeva, həmçinin Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru idi. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən “Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları” ixtisası üzrə müdafiə şurasının sədri olub. Azərbaycan şərqşünaslıq elmini keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda layiqincə təmsil edib.
Aida xanımın elmi fəaliyyətini yüksək qiymətləndirən şərqşünas alimlər sırasında Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Kudelin, Sankt-Peterburq Universitetinin professoru Anna Dolinina, keçmiş SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun professorları İsaak Filştinski, Valeriya Kirpiçenko, İrina Bilık və başqalarının adlarını çəkmək olar.
Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrlar hazırlanmasına da böyük diqqət yetirirdi. Rəhbəri olduğu Ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilmişdi. Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olan Aida İmanquliyeva uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxuyub.
Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Onun çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, bütövlükdə müasir Şərq ədəbiyyatlarının həmin aspektdə araşdırılması üçün mühüm zəmin yaradır. Bir alim kimi Aida İmanquliyevanın fəaliyyət dairəsi geniş və çoxşaxəli idi. O, həmçinin ərəb ədəbiyyatından bəzi nümunələri – Mixail Nuaymənin, Mahmud əz-Zahirin, Məhəmməd Dibin, Sahib Camalın, Süheyl İdrisin, Macid Zeyyib Ğənəmanın hekayələrini Azərbaycan dilinə tərcümə edərək həmin əsərlərin poetik ruhunu, məna və məzmununu olduğu kimi saxlayıb.
Aida İmanquliyeva həm də unudulmaz müəllim kimi yaddaşlarda əbədiləşib. Əsərlərindən birində “Hər bir cəmiyyətin, quruluşun gələcəyini həyata yeni atılan, böyüyən və yetkinləşən nəsil təşkil edir. Bu nəsli yetişdirən isə ilk növbədə ailədir” yazmış Aida xanımın gözəl, nümunəvi ailəsi olub və o, cəmiyyət üçün ləyaqətli övladlar böyüdüb. Həyatını elmə həsr edən böyük qızı akademik Nərgiz xanım Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Bu ailənin ikinci qızı – Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidentidir.
Milyonların məhəbbətini qazanmış Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məsuliyyət hissini, hər bir işin əvvəlindən maksimum nəticə əldə etməyə çalışmağı, özünə tələbkar və intizamlı münasibəti anası – nəcib, istedadlı, məğrur və son dərəcə gözəl qadın olan Aida İmanquliyeva aşılayıb.
Aida xanım İmanquliyeva 52 yaşında dünyadan köçsə də şərqşünaslıq elmində gördüyü böyük işlər, insan və ziyalı xanım kimi gözəl əməlləri bu günədək yaddaşlarda yaşayır və daim yaşayacaqdır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti