GDU-da “COP29 və Azərbaycan üçün yaşıl baxış” mövzusunda elmi-praktiki konfrans keçirilib
Gəncə Dövlət Universitetində (GDU) “COP29 və Azərbaycan üçün yaşıl baxış” mövzusunda elmi-praktiki konfrans keçirilib. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) dünyanın ən mötəbər beynəlxalq qurumlarından biridir. COP-un sessiyalarına ənənəvi olaraq hər il bir ölkə başçılıq edir. Bu ilin noyabrında isə Azərbaycan bu mötəbər tədbirin ev sahibi olacaq. COP29-a evsahibliyi Azərbaycanın ekologiya sahəsində qazandığı uğurların dünyaya çatdırılması baxımından əlverişli bir fürsətdir. Çünki “yaşıl enerji” növlərinin yaradılması və onun dünya bazarlarına nəqli hazırda ölkəmizin enerji siyasətinin prioritet istiqamətidir. Prorektor çıxışında ölkəmizin ətraf mühitin qorunması və qlobal iqlim dəyişmələri sahəsində beynəlxalq səyləri daim dəstəklədiyini və bu prosesə töhfələr verdiyini vurğulayıb. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
Tədbirdə Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova “Azərbaycan – COP29 – yaşıl artım ölkəsi”, ÜTF və texnologiya kafedrasının müdiri Elçin Cavadov “COP 29-un Azərbaycan üçün əhəmiyyəti”, həmin kafedranın dosenti Mətanət Sadıqova “Azərbaycanın yaşıl enerjiyə keçidlə bağlı təşəbbüsləri”, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyev “COP 29 və yaşıl enerji nədir?” mövzuları ilə çıxış ediblər.
Tədbir ekoloji tarazlığın və ətraf mühitin qorunması, alternativ enerji mənbələrindən səmərəli istifadə, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma prosesində “ağıllı şəhər” və “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilməsindən geniş danışılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti