Gəncə Dövlət Universitetində “Musiqi sənəti və yaşıl gələcək” adlı tədbir keçirilib
Gəncə Dövlət Universitetinin ikinci tədris korpusunda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq Pedaqoji fakültənin Musiqi fənləri kafedrasında “Musiqi sənəti və yaşıl gələcək” adlı tədbir keçirilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən danışıb. Prorektor ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini də iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə Musiqi fənləri kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevinc Rüstəmova, eləcə də baş müəllim Səidə Həsənova çıxış edərək Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verməsindən bəhz ediblər. O da diqqətə çatdırılıb ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhvəsinin təqdir olunmasının bariz nümunəsidir. Bütün postsovet məkanında ilk dəfə olaraq bu mötəbər qlobal tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir. Bu eyni zamanda Beynəlxalq birliyin Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörməti, möhkəm dəstəyi nümayiş etdirir.
Tədbir bədii hissə ilə davam edib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti