Gəncə Dövlət Universitetində “STEAM” və “Əməyin Mühafizəsi və Təhlükəsizliyi” adlı dərs vəsaitlərinin təqdimat mərasimi keçirilib
XXI əsr müasir texnologiyaların, yeni elmi yanaşmaların, ixtiraların sürətlə inkişaf etdiyi dövrdür. Bu baxımdan da ali məktəblərimizin məzunları müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır. Bütün bunları prioritet hesab edən Elm və Təhsil Nazirliyi yeni təhsil modelləri üzərində araşdırmalar aparır, bu modellərin tətbiqini vacib hesab edir. Elə bu məqsədlə də Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsinə start vermişdir. Layihənin keçirilməsində əsas məqsəd təhsil alanlarda XXI əsr bacarıqlarının- kreativlik, əməkdaşlığın inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.
STEAM – Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. STEAM təhsilalanlarda tənqidi yanaşma, yaradıcı düşünmə, qazanılan biliklərin müqayisəli şəkildə anlaşılması, yaradıcı formada yeni layihələr əsasında biliyin möhkəmlənməsi, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqlarını formalaşdırır. STEAM fənləri ayrılıqda öyrətmək əvəzinə, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirir.
Gəncə Dövlət Üniversitetinin kafedra müdiri, texnika üzrə fəlsəfə doktoru Elçin Cavadov və İnnovativ Texnologiyalar Mərkəzinin təlimçisi, Beynəlxalq Sertifikatlı müəllim Rəqşanə Məmmədova “STEAM Azərbaycan” layihəsinə dəstək məqsədilə dərslik hazırlamışlar. Bu kitab orta və ali ixtisas olmaqla bütün təhsil səviyyələri üçün dərs vəsaiti kimi təsdiq olunmuşdur.
Gəncə Dövlət Universitetində Elçin Cavadovun “STEAM”, eləcə də “Əməyin mühafizəsi və təhlükəsizliyi” adlı dərs vəsaitlərinin təqdimat mərasimi keçirilmişdir. Təqdimatda Gəncə şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları Yadigar Bədəlov, İlkin Cavadov, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, GDU AHİK İdarə Heyətinin sədri Afaq Qasımova, fakültə dekanları, kafedra müdirləri, tələbələr və digər şəxslər iştirak etmişdir. Millət vəkili Pərvin Kərimzadə, Gəncə şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları Yadigar Bədəlov, İlkin Cavadov, Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Gəncə Dövlət Universitetinin AHİK İdarə Heyətinin sədri, dosent Afaq Qasımova, Azərbaycan Texnologiya Universitetinin “Ümumi və tətbiqi fizika” kafedrasının müdiri, professor Məntiq Cəfərov, Fizika və texniki fənlər fakültəsinin dekanı, professor Muğan Quliyev, “Ümumi pedaqogika” kafedrasının müdiri, professor Şahin Tağıyev, “Riyazi analiz” kafedrasının müdiri, professor Orucəli Rzayev, Magistratura şöbəsinin müdiri, dosent Emin Yaqubov, Fizika kafedrasının müdiri Yəhya Namazov və başqaları çıxış etmişlər.
Sonda kitabların müəllifi Elçin Cavadov yekun sözü ilə çıxış edərək, tədbirin təşkil olunması üçün Gəncə şəhər İcra Hakimiyyətinə, Gəncə Dövlət Universitetinin rəhbərliyinə, təhsilə, elmə gostərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, I Vitse-Prezident Mehriban Əliyevaya minnətdarlığını bildirdi.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti