“Akademik Yusif Məmmədəliyev elmi irsi və XXI əsr” mövzusunda konfrans

Gəncə Dövlət Universitetinin Kimya və biologiya fakültəsində görkəmli alim və ictimai xadim,  Azərbaycan Respublikası Elmlər Akademiyasının təşkilatçılarından biri,  akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinə həsr olunan konfrans keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə  Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

“Akademik Yusif Məmmədəliyev elmi irsi və XXI əsr” mövzusunda olan konfransda Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək bildirib ki, akademik Yusif Məmmədəliyev Azərbaycan elminin yetirdiyi parlaq simalardandır. Azərbaycanda neft kimyasının bünövrəsini yaratmış alimin qiymətli sənaye məhsullarının alınması üçün böyük tətbiqi əhəmiyyətə malik texnoloji proseslərin işlənib hazırlanmasında müstəsna xidmətləri vardır. Neft-kimya elmində mühüm hadisəyə çevrilən yüksək oktanlı aviasiya yanacaqları istehsalının yeni üsulunu kəşf etməsi Yusif Məmmədəliyevə şöhrət qazandırmışdır. Respublikada bir sıra elmi müəssisə və qurumların təşkili onun adı ilə bağlıdır. Geniş spektrli fundamental tədqiqat işlərini səmərəli pedaqoji fəaliyyətlə paralel surətdə davam etdirən Yusif Məmmədəliyevin formalaşdırdığı Azərbaycan neft-kimya məktəbi ölkənin hüdudlarından çox-çox uzaqlarda tanınmışdır.

Konfransda  akademik Yusif Məmmədəliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Gəncə Dövlət Universitetinin Elm və İnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə akademik Yusif Məmmədəliyevin həyat və fəaliyyəti, onun yaratdığı elmi məktəb, görkəmli alimin elmin inkişafı naminə gördüyü işlər haqqında geniş məlumat verib. Pərvin Kərimzadə  qeyd edib ki, akademik Yusif Məmmədəliyevin apardığı tədqiqatlar kimya elminin bir sıra istiqamətlərində öz təsdiqini tapıb. Akademikin şəxsiyyəti, elmə yanaşma prinsipləri və vətənpərvərlik keyfiyyətləri barədə də  danışan prorektor vurğulayıb ki, görkəmli alimin gənc tədqiqatçıların yetişdirilməsinə göstərdiyi qayğı bu gün tələbələr üçün böyük motivasiya mənbəyidir.

Gəncə Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin dekanı, professor İsfəndiyar Alverdiyev  çıxışında  bildirib ki, XX əsrin ən böyük kimyaçı alimlərindən olan Yusif Məmmədəliyev yüksəkoktanlı benzinlərin alınması, neft-kimya proseslərinin tədqiqi, kataliz və üzvi sintez sahəsində apardığı fundamental araşdırmalarla Azərbaycan elmini beynəlxalq elmi mərkəzlərdə tanıdıb. Alimin yaratdığı elmi məktəb universitetlərdə kimya sahəsində aparılan araşdırmaların formalaşmasına mühüm təsir göstərib və ənənə bu gün uğurla davam etdirilir. İsfəndiyar Alverdiyev  onu da diqqətə çatdırıb ki, Kimya və biologiya fakültəsində akademik Yusif Məmmədəliyevə həsr olunan guşə görkəmli alimin elmi irsinin tanıdılmasında mühüm rol oynayır.

Konfransda Gəncə Dövlət Universitetinin Kimya kafedrasının müdiri, dosent Aynur Məmmədova, kafedranın əməkdaşları dosent Samirə Mehdiyeva və  dosent Xəyalə Kəsəmənli akademik Yusif Məmmədəliyevin kimya elminə verdiyi töhfələrdən danışıblar. Qeyd ediblər ki, görkəmli alim Yusif Məmmədəliyevin formalaşdırdığı Azərbaycan neft-kimya məktəbi ölkənin hüdudlarından çox-çox uzaqlarda tanınır.

Konfransda Kimya və biologiya fakültəsinin 22 tələbəsinin Azərbaycan və  ingilis dillərində məruzələri dinlənilib.

  Sonda tələbələrə Fəxri fərmanlar təqdim edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti