Azərbaycan sədrliyi dövründə Qoşulmama Hərəkatının inkişafı üçün mühüm təşəbbüslər irəli sürüb

              Azərbaycanın dünyanın ikinci ən nəhəng təşkilatı olan Qoşulmama Hərəkatına rəhbərliyi dördüncü ildir ki, uğurla davam edir.  Bu illər ərzində dövlətimiz təşkilata rəhbərlik edərək onun işinə, məqsədlərinə və qarşısına qoyduğu hədəflərə nail olmaq üçün ən uğurlu və müsbət nümunəni ortaya qoyub. Hərəkatın sədri, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə görülən işlər dünyanın beyin mərkəzləri və güclü dövlətlər tərəfindən də rəğbətlə qarşılanır. Əminliklə deyə bilərik ki, Qoşulmama Hərəkatı Azərbaycanın rəhbərliyi ilə yeni bir mərhələyə qədəm qoyub.

      Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdü və yenidən yekdil qərarla sədrliyimiz daha bir il uzadıldı. 2019-2023-cü illər ərzində Azərbaycanın Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə təşkilat sönük və zəif bir qurumdan dünyada alternativ güc mərkəzinə çevrilib və demək olar ki, artıq formalaşmaqda olan çoxqütblü dünya düzənində özü bir qütb kimi meydana çıxmaqdadır. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu.

     Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu. 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi.

      Azərbaycan bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammitini uğurla təşkil etdi. Ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti idi. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib, həmçinin beş ölkəni peyvəndlə təmin edib.

    Hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021- 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir. Hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işlər aparılır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti