Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası Azərbaycanın enerji strategiyasının yeni mərhələyə keçdiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışı həm mövcud iqtisadi nəticələrin dəyərləndirilməsi, həm də qarşıdakı dövr üçün prioritetlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli mesajlarla zəngin oldu.

Son 12 ildə Cənub Qaz Dəhlizi təşəbbüsü regional layihədən qlobal enerji təhlükəsizliyinin mühüm elementinə çevrilib. Layihənin ilkin mərhələsində 12 ölkəyə qaz ixrac olunurdusa, bu gün Azərbaycan qazının istehlakçılarının sayı 16-ya çatıb. Boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə Azərbaycanın dünyada birinci yerdə olması enerji diplomatiyasının iqtisadi nəticələrini açıq şəkildə göstərir. Almaniya və Avstriyanın Azərbaycan qazı alan ölkələr sırasına qoşulması Avropa bazarında mövqelərin möhkəmləndiyini göstərir. Eyni zamanda, Suriyaya 1,5 milyard kubmetr həcmində qaz tədarükünün başlanması Azərbaycanın yeni bazarlara çıxış imkanlarını genişləndirir və ixracın şaxələndirilməsi strategiyasını gücləndirir.

Qaz təchizatının şaxələndirilməsi hər bir ölkə kimi, ölkəmiz üçün də xüsusi əhəmiyyət daşıyır. Artıq Azərbaycan Avropanın daha iki ölkəsinə – Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışdır. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanması gözlənilir. İki-üç il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanması da gözlənilir ki, bu da “Abşeron”dan qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda, “Ümid” yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir. Azərbaycan 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi proqnozlaşdırır.

Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır. Ölkəmiz Qazaxıstan, Türkmənistan üçün neftin mühüm tranzitini təmin edir və nəql olunan neftin həcmi ildən-ilə artır. Bu yaxınlarda Azərbaycan Türkiyədə 870 meqavat gücündə ən böyük elektrik stansiyalarından birini əldə edib. Ötən ay Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzalandı. Beləliklə, ölkəmizin enerji təhlükəsizliyinə töhfəmiz yalnız öz sərhədlərimizlə, Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti