Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur
Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur. İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Bu sözləri Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu fevral ayının 1-də qəbul edərkən söyləyib.
Dövlətimizin başçısı bildirib ki, Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi. Azərbaycan torpaqları işğaldan azad olunmadı və məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Minsk qrupu tərəfindən Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı.
2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.
2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmirdi. Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi.
Antiterror tədbirləri qaçılmaz idi. Ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrik, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri” sülh prosesinə ciddi zərbə vurmuşdur.
Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər.
Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir.
Rəsmi Paris regionda vəziyyətin gərginləşməsinin səbəbkarıdır. Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir.
Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürütdür. Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür.
Avropa Şurası Parlament Assambleyasının addımları dialoqa xidmət etmir. Bu cür təşəbbüslər parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir.
Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmalıdır. Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.
Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində bu təsisatın beynəlxalq nüfuzu artıb. Yeni əməkdaşlıq sahələri yaradılıb və bu xüsusda parlament, gənclər ölçülərinin və qadın platformasının təsis olunması istiqamətində təşəbbüslər də irəli sürülmüşdür.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti