Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev xalqın etimadını qazanan liderdir
Ökləmizdə 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Ölkə başısı Cənab İlham Əliyevin prezidentliyi dövründə dövlətimiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib. Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir.
Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs vermişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqın iradəsini əks etdirir.
,,Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” – fikrini səsləndirən ölkə başçısı Cənab İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir.
2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə yüksəlib. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb.
Davos Dünya İqtisadi Forumunun ,,2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb. Həmçinin, ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub. Ölkə ərazisində internetin tətbiqi genişləndirilib və internet istifadəçiləri əhalinin 78 faizini təşkil edib. İKT sektorunun iqtisadiyyatda payı 3,7 dəfə artıb. Azərbaycan müasir dünyanın çağırışlarına daha dayanıqlı iqtisadiyyat formalaşdırmaqla cavab verir. Azərbaycanda yüksək texnologiyalar sürətlə inkişaf etmiş və ölkəmizdünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu.
2003-2018-ci illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər və sahibkarların öz vəsaiti hesabına minlərlə yeni müəssisə yaradılmışdır və qeyri-neft sektorunun inkişafı təmin edilmişdir.
15 il ərzində sözügedən sahəyə xüsusi diqqət göstərilirdi. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir.
2003-2018-ci illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Həmin illər ərzində ölkədə böyük infrastruktur layihələr reallaşdırılmışdır. Ölkə daxilində enerji təminatı əsaslı şəkildə yaxşılaşmışdır. 30-dan çox elektrik stansiyası tikilib. Onların generasiya gücü 3900 meqavata bərabərdir.
Həmin illər ərzində ölkəmizdə yeddi aeroport tikilmiş, onlardan altısı beynəlxalq statusa malikdir. Xəzər dənizində ən böyük yeni ticarət limanın inşası başlanmışdır. Dəmir yolu infrastrukturu yenilənib.
İdmançılar 15 il ərzində Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr qazanmışlar. Azərbaycan həmin illərdə 7 Olimpiya Oyunlarında iştirak etmişdir. Avropa Oyunlarında Azərbaycan ikinci yerə, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə nail oldu. Rio de Janeyro Olimpiya Oyunlarında isə Azərbaycan medalların sayına görə 14-cü yerdə oldu.
Ölkə başçısı Cənab İlham Əliyev milli ideya ətrafında xalqı birləşdirib. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub. Qeyd olunan illər eyni zamanda Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Həmçinin, həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olunub.
2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatmışdır.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev xalqın etimadını qazanan lider və etibarlı gələcəyimizin təminatçısıdır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti