Azərbaycan-Serbiya dövlətləri arasındakı əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur
Azərbaycan-Serbiya dövlətləri arasındakı əlaqələrin dinamikası çox müsbətdir. Bir çox sahələr üzrə əməkdaşlığın böyük tarixi var. Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Ölkələrimiz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməz olaraq qalacaq.
Əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq.
Nəqliyyat-logistika sahəsində böyük potensial var. Nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır.
Energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır.
Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək.
Müdafiə sənayesi sahəsi də perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir.
Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar. İkitərəfli əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur.
Mətbuat və İctimaiyyətlə Əlaqələr Xidməti