Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib

 

                Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi. Daha sonra – dekabrın 25-də istedadlı general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin olundular.

      Qısa müddətdə yaradılmasına baxmayaraq, Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək cəsarət və igidlik göstərdi, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib.

      Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi.

      Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.

        Ulu Öndər Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı.

      Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi.

      1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.

       Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

       Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.

     1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.

       Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanılır.

      Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilib. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir.

       2016-cı ilin 2  aprel tarixində Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı.

      Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra – 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.

       Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində – noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi.

     Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edilmişdir.

      Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Dövlətimizin başçısının 2018-ci ildə keçirilən paradda dediyi kimi, düşmənin ələ keçirilən silah-sursat və texnikası ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız da Zəfər Paradında nümayiş etdirildi.

        Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun qazandığı Qələbələr nəticəsində ərazi bütövlüyü və suverenliyi bərpa olunan Azərbaycanın Üçrəngli Bayrağı qürurla dalğalanır, işğaldan azad olunmuş torpaqlarımızda da bayramlar böyük coşqu ilə qeyd olunur.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti