Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi
Universitet Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi öz fəaliyyətində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Nizamnamələrini əsas götürmüşdür. Tələbə Həmkarlar İttifaqı Komitəsi Universitetdə elm və təhsilin yüksək səviyyədə təşkilində, nizam-intizamın möhkəmlənməsində, mədəni kütləvi tədbirlərin həyata keçirilməsində, tələbələrin asudə vaxtlarının səmərəli təşkil olunmasında iş planına uyğun olaraq ardıcıl işlər görür. Tələbə Həmkarlar İttifaqı Komitəsi yuxarı təşkilatların dəstəyi ilə tələbələrin təhsilalma şəraitlərinin yaxşılaşdırılması, onlara maddi dəstək verilməsi sahəsində əməli fəaliyyət göstərir, onların işlə təmin olunmalarına yardımçı olur.
Yeni formalaşmış müasir sistemdə isə Həmkarlar Təşkilatlarının rolu daha da artmışdır. Dövlət qeydiyyatından keçmiş yeganə ictimai tələbə təşkilatı olan bu qurum universitetin idarə olunmasında da yaxından iştirak edir. Belə ki, təşkilatın fakültə nümayəndəsi Fakültə Elmi Şurasının, Komitənin sədri isə Universitetin Elmi Şurasının üzvüdür. Gəncə Dövlət Universitetində tələbələrlə bağlı qəbul olunan bütün qərarlarda bu qurumun rəyi nəzərə alınır.
Komitənin fəaliyyəti 5 əsas prinsip üzərində qurulmuşdur:
- Tələbələrin elmə və biliyə olan marağının artırılması
- Cismən və mənən sağlam gəncliyin formalaşması
- Tələbələrə sosial dəstək
- Vətənpərvərlik ruhunun formalaşdırılması
- Ünsiyyətli gənclərin formalaşdırılması
Buna görə Komitə heç bir istiqamətdə işlərin ləngiməsinə yol vermir. Komitənin fəaliyyət sahəsindən biri də gündəlik qayğılarına qapanıb qalan istedadlı tələbələrin ictimai fəaliyyətə cəlb edilməsidir. Həmin tələbələri mühüm elmi-ictimai bacarıq vərdişlərinə yiyələndirən təşkilat onların fəal həyat mövqeyinə qoşulması istiqamətində məqsədyönlü işlər görür. Quruma üzv qəbul olmaq çox sadədir. Təşkilatın Əsasnaməsini qəbul edən Gəncə Dövlət Universitetinin hər bir tələbəsi bu quruma üzv ola bilər. Təşkilatın üzvü aşağıdakı hüquqlara malikdir:
- Təşkilatın rəhbər orqanlarını seçmək və seçilmək;
- Təşkilatın fəaliyyətinə aid olan məsələlərin müzakirəsində sərbəst iştirak etmək;
- Təşkilatın müdafiəsindən istifadə etmək;
- Təşkilat tərəfindən həyata keçirilən tədbirlərdə iştirak etmək;
- Təşkilata üzvlüyünü dayandırmaq və təşkilatdan çıxmaq.
Təşkilatın üzvləri Əsasnamənin müddəalarına əməl etməyə və rəhbər orqanların qərarlarını yerinə yetirməyə borcludurlar. Əks təqdirdə onlar İdarə Heyəti və ya yerli təşkilatlar tərəfindən təşkilata üzvlükdən azad oluna bilərlər.
Tələbə Həmkarlar Təşkilatı sosial yönümlü təşkilat olsa da, tələbələrin bütün problemləri ilə maraqlanır, onların asudə vaxtılarnın səmərəli keçməsinə səy göstərir. Tələbə Həmkarlar Təşkilatı fakültələrdə tez-tez intelektual yarışlar, müxtəlif mövzularda debatlar keçirir. Təhsilinə və ictimai fəaliyyətinə görə fərqlənən tələbələr mükafatlandırılır. İmkansız tələbələrin ehtiyaclarının təmin olunması ilə bağlı bir sıra tədbirlər görülür.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri: Adıgözəlov Pərviz Mürşüd oğlu.
14 yanvar 1981-ci ildə Naftalan şəhərində anadan olmuşdur.
2002-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (ADAU) Ekologiya ixtisasının bakalavriat səviyyəsini, 2004-cü ildə isə Ekologiya ixtisasının magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2005-ci ildən Gəncə Dövlət Universitetində əmək fəaliyyətinə başlamışdır.
2010-cu ildə GDU-nun THİK-in sədri seçilmişdir. Hal-hazırda Gəncə Dövlət Universitetinin dissertantıdır.
Ünvan: Heydər Əliyev prospekti, 429
Telefon: (+99422) 256-19-85
E-mail: atiahi-gdu-thik@mail.ru