“BEYNƏLXALQ QADINLAR GÜNÜ” MÜNASİBƏTİ İLƏ TƏDBİR
06 mart 2017-ci il tarixdə Gəncə Dövlət Universitetində “8 Mart Beynəlxalq Qadınlar günü” münasibəti ilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə Humanitar məsəslələr üzrə prorektor, dosent Gülsüm Fətəliyeva açaraq, Azərbaycan qadınının öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutduğunu, Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olduğunu, eyni zamanda, Azərbaycan qadınlarının tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini verdiyini bildirdi.
Rektorun Baş müşaviri Asif Cavadov Ulu Öndər Heydər Əliyevin fikirləri ilə başlayaraq vurğulamışdır: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi Vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”. Baş müşavir qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata daha fəal transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.
Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova qeyd etdi ki, Azərbaycanda qadın hərəkatının formalaşmasında, onların hüquqlarının qorunmasında Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci il tarixdə “Azərbaycanın birinci vitse-prezidenti” təyin etməsi onun əzmkar fəaliyyətinə verilən layiqli qiymətdir. Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir.
“8 Mart Beynəlxalq Qadınlar günü” münasibəti ilə Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova və prorektor dosent Gülsüm Fətəliyevanın müraciəti əsasında rektor professor Yusif Yusibovun göstərişi ilə universitetin qadın əməkdaşları “Fəxri fərman” , “Təşəkkür” və pul mükafatı ilə mükafalandırılaraq təbrik edildi.
Azad Həmkarlar İttifaqları Komitəsi gənc tələbə və müəllimləri həvəsləndirmək məqsədilə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə edən, müxtəlif peşə sahələrində fərqlənən və ictimaiyyətin rəğbətini qazananlar üçün “İlin Peşəkar gənci” fəxri adı təsis etmişdir. “8 Mart Beynəlxalq Qadınlar günü” münasibətilə keçirilmiş tədbirdə beş nəfər gənc qadın bu ada layiq görüldüyündən onlar da fəxri fərmanla mükafatlandırıldılar.
Sonda tələbələrinin iştirakı ilə təşkil olunmuş konsert proqramı universitet əməkdaşlarında bayram əhval-ruhiyyəsini daha da yüksəltdi.