“Bilik Günü”ndə Gəncə Dövlət Universitetinin VI tədris binası istifadəyə verilib
Gəncə Dövlət Universitetində (GDU) 2024/2025-ci tədris ilinin başlanması və “Bilik Günü”nə həsr edilən tədbir keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov yeni tədris ilinin başlanması münasibəti ilə universitet əməkdaşlarını və tələbələri təbrik edib, ən xoş arzularını çatdırıb. 2024/2025-ci tədris ilində GDU-da təhsil alacaq birinci kurs tələbələrinə uğurlar arzulayıb.
Rektor Yusif Yusibov çıxışında Ümummilli Lider Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edərək hazırda dövlət başçısı Cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən danışıb, son illər ərzində universitetdə əldə olunan nailiyyətlər, ali təhsil ocağının yüksək nüfuzu, kadr hazırlığı, tələbələr üçün yaradılan yeni imkanlar haqqında söhbət açıb. Bildirilib ki, Gəncə Dövlət Universiteti yüksəkixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik olan, beynəlxalq əlaqələrini günü-gündən genişləndirən ali təhsil ocağıdır. Universitetdə təlim və tədrisin keyfiyyətinin yüksəldilməsi, kadr potensialı, maddi-texniki bazanın gücləndirliməsi hər zaman diqqət mərkəzindədir.
Rektor son illər universitetə qəbul olunan tələbələr arasında yüksək bal toplayanların sayının ilbəil artıdığını xüsusi vurğulayıb. Onu da bildirib ki, bu tədris ilində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında Gəncə Dövlət Universitetinin bakalavriat səviyyəsinə 600 və daha çox bal toplayaraq qəbul olan I kurs tələbələrinə payız semestri ərzində aldıqları təqaüddən əlavə hər ay 200 manat məbləğində həvəsləndirici təqaüd veriləcək, növbəti semestrlərdə isə ÜOMG-si 91-100 bal aralığında olduğu və univeristetin ictimai həyatında fəal iştirak etdiyi halda tələbələrə təqaüdün verilməsi davam edəcək.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək universitet rəhbərliyini, professor-müəllim heyətini və tələbələri təbrik edib, gənclərin biliklərə yiyələnməsi üçün ölkəmizdə yaradılan əlverişli imkanlardan ətraflı danışıb. Cəmiyyətimiz üçün yüksək ixtisaslı mütəxəssis kimi yetişmələri üçün gənclərə Gəncə Dövlət Universitetində mövcud olan potensialdan faydalanmağı tövsiyə edib.
Tədbirdə 645 bal ilə universitetin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına qəbul olan Tovuz Hüseynova ali təhsilini Gəncə Dövlət Universitetində alacağı üçün fəxr etdiyini dilə gətirib.
Tələbə valideyni Tükran Cəlilova çıxış edərək gənclər üçün yaradılan şərait və imkanlara görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbirin davamında GDU-ya yüksək balla qəbul olan gənclərə hədiyyələr təqdim edilib.
Daha sonra Gəncə Dövlət Universitetinin VI tədris binası istifadəyə verilib. Rektor Yusif Yusibov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək yeni istifadəyə verilən VI tədris binasının professor-müəllim heyəti və tələbələr üçün böyük töhfə olacağını bildiriblər.
Çıxışlardan sonra Gəncə Dövlət Universitetinin inkişafı və tərəqqisində xidmətlərinə görə Təmir-tikinti şirkətinin iş icraçısı Çingiz Yusifova və mühəndis Ələddin Həsənova Fəxri Fərman təqdim edilib.
Daha sonra universitet rəhbərliyi, icra aparatının məsul şəxsləri və qonaqlar yeni təmir olunan VI tədris binasına baxış keçiriblər. Bildirək ki, Riyaziyyat-informatika fakültəsinin tələbələri üçün nəzərdə tutulan binada təlim-tədrisin təşkili üçün hərtərəfli şərait yaradılıb. İki mərtəbli binada 16 auditoriya, akt zalı, beş komputer otağı, kitabxana və oxu zalı, sanitar qovşaq, istilik sistemi müasir standartlara uyğun şəkildə yenidən qurulub, bütün kommunikasiya və internet xətləri, avadanlıqlar və yanğınsöndürmə sistemi yenilənib. Təhlükəsizlik kameraları quraşdırılıb.
Binanın həyətində xüsusi abadlıq işləri həyata keçirilib, tələbələrin dərsdənkənar və asudə vaxtlarının keçirməsi üçün xüsusi şərait yaradılıb, idman meydançası salınıb.
Bina ilə tanışlıq zamanı Riyaziyyat-informatika fakültəsinin əməkdaşları, tələbələr və valideynlər yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti