Bu gün Od çərşənbəsidir
Novruz Azərbaycan xalqının ən qədim və zəngin bayramlarından biridir. Yeni ilin başlanğıcı kimi qeyd olunan bu bayram təbiətin oyanışını, yenilənməni və bərəkəti simvolizə edir. Novruz ənənələri yaradılışın dörd əsas ünsürü – su, od, yel və torpaqla bağlı mərasimləri özündə birləşdirir. Bayramdan əvvəlki Boz ayın ikinci çərşənbəsi Od çərşənbəsi adlanır. Xalq arasında buna “Üskü çərşənbə”, “Addı çərşənbə” də deyilir. Bu gün qədim türklərin Günəş və od inancı ilə bağlıdır. Od insan həyatında həm məişət, həm də sakral məna daşıyıb: insanı soyuqdan və təhlükədən qoruyub, eyni zamanda, təmizləyici və qoruyucu qüvvə kimi qəbul edilib.
Azərbaycanın müxtəlif bölgələrində Od çərşənbəsi özünəməxsus şəkildə qeyd olunur. Tonqalların işığında bir araya gələn insanlar, qədim inancları yaşadaraq, birlik və həmrəylik ruhunu daha da möhkəmləndirirlər.
Od çərşənbəsində süfrələrin də öz rəngi və mənası var. Süfrəyə bərəkət rəmzi olan plovun gəlməsi, şirniyyatların düzülməsi ailənin ruzisinin bol olacağına işarədir. Paxlava, şəkərbura kimi şirniyyatlar bolluq və şirin həyat arzusunu ifadə edir.
Od çərşənbəniz mübarək!


